Azərbaycanda uşaq kanalı açılır

4 Oktyabr 2012 10:30 (UTC+04:00)
MTRŞ sədri Nüşirəvan Məhərrəmli mətbuata açıqlamasında uşaq kanalının yaradılmasının vacib olduğunu bildirib: "Hesab edirəm ki, uşaqlarla bağlı ayrıca kanal yaradılmalıdır. Dövlət tərəfindən dəstək olsa, belə bir kanalın yaradılmasının tərəfdarıyıq".

Bəstəkar Faiq Sücəddinov AzNews.az-a açıqlamasında uşaq kanalının açılması təklifini dəstəkləyib: "Azərbaycanda uşaq kanalının açılması çox vacibdir. Bu eyni zamanda Azərbaycan uşaqlarının layiqli yetişməsində də önəmli rol oynayacaq. Biz bununla bağlı hələ ki, heç bir quruma müraciət etməmişik. Uşaq kanalı, televiziyası lazımdır, onun proqramını tərtib etmək isə ondan da zəruridir. Mən bu barədə dəfələrlə televiziya çıxışımda demişəm. Əgər belə bir kanal açırlarsa, mən iki əlli razıyam. Əsas odur ki, bizim uşaqlarımız öz nağıllarımıza, dilimizə qulaq asacaq, milli cizgi filmlərimizə baxacaq".

Xalq artisti, "Azanfilm"in bədii rəhbəri Elçin Hami Axundovun sözlərinə görə, o, Mədəniyyət və Turizm Nazirliyində dəfələrlə bu məsələni müzakirə edib: "Nazirlikdə bu barədə çox söhbətlər olub. Azərbaycanda uşaqlara münasibət göz qarşısındadır. Təəssüflər olsun balacalara olan münasibət həqiqətən də mənfidir.

Bu nədən irəli gəlir? Mən bunu animasiya filmləri ilə bağlayıram. Böyük kinoya ciddi münasibət, animasiyaya isə demək olar ki, heç yoxdur. Böyük kinodan nə qalırsa onun töküntüsünü uşaqların qabağına qoyurlar. Belə olmaz? Siz bəyəm evdə artığınızı uşaqlarınızın qarşısına qoyursunuz? Bu qeyri-ciddi münasibətdir. Bunu da nəticəsində uşaq cəmiyyətə lazım olan səviyyədə təqdim olunmur. Bu uşaq kanalı ilə yanaşı birinci növbədə onların psixologiyasını dəyişmək lazımdır. Lazımdırsa bütün sənət adamları, ziyalılar yığışaq, hara lazımdırsa imza ataq. Bəyəm bu məsələ hələ həll olunmayıb? Uşaq gözünü açıb nə görür?

Televiziya, sonra da kompüter. Bu böyük kanalda uşaq nə tərbiyə alacaq? Uşaqlar üçün məqsədyönlü kanal olmalıdır. Soyunan, küçə söyüşləri ilə efirləri zəbt edənlərdən bu uşaqlar nə götürəcək? Tərbiyəvi, mentaliteti qoruyan verilişlər olmalıdır. Milli animasiya filmlərinin verdiyi tərbiyəni heç bir kanal verə bilməz".

Uşaq Teatrının direktoru İntiqam Soltanın fikrincə, Azərbaycan ailələrinin uşaqları şüur, ağıl, dərrakə baxımından heç bir millətin övladlarından geri qalmır: " Bu hərtərəfli inkişafın bəhrəsidir. Azərbaycanda uşaq kanalının açılması daha yaxşıdır. Bizim uşaqlar gözünü açıb Türkiyə, Rusiya və İngiltərənin uşaq kanall

arı ilə böyüyəndə təbii ki, onlarda millilik müəyyən mənada az olacaq. Türkiyənin kanallarında yayımlanan verilişlərin əksəriyyəti daha çox ingilislərdən götürülmüş layihələrdir. Düzdür, bunlar bizdə də olacaq. Amma ən azından milliləşdirilmiş şəkildə, Azərbaycan dilini qorumaqla təqdim olunacaq. Bu uşaqların milli şüur və əhval-ruhiyyədə böyüməsinə şərait yaradacaq. Təbii ki, bu kanal dövlət tərəfindən açıldığına görə, ictimai nəzarət də güclü olacaq. İnanıram ki, uşaq teatrı belə bir kanalda ən azından həftədə bir dəfə çıxış edəcək. Tamaşalarımız mütəmadi olaraq, təbliğ olunacaq. Hər halda bu Azərbaycan uşaqlarının təlim-tərbiyəsi üçündür".

Bahar Rüstəmli
AzNews.az