Putin İmoməli Rəhmanın yubileyinə gedir

4 Oktyabr 2012 11:11 (UTC+04:00)


Rusiya prezidenti Vladimir Putin sabah Tacikistana səfər edəcək. AzNews.az-ın newsru.com saytına istinadən verdiyi xəbərə görə, Putin İmoməli Rəhmanın 60 illik yubileyində iştirakla bərabər bir sıra gündəlikdə duran məsələləri müzakirə edəcək. Verilən məlumata görə, Düşənbədə Putindən "çar hədiyyəsi" – Rusiyanın 201-ci bazası ilə bağlı müqavilənin imzalanacağı gözlənilir.

Rusiya mətbuatının yazdığına görə, yubiley mərasimini korlamamaq üçün hər şey qabacadan ölçülüb-biçilib. Prezidentlər sadəcə sənədləri imzalamaqla kifayətlənəcəklər. Bundan əlavə ekspertlər hesab edirlər ki, 201-ci baza ilə əlaqədar hər hansı xoşa gəlməz hadisə yaşanmayacaq. Eyni zamanda, elektrik stansiyaları ilə bağlı da tərəflər yeni razılaşmalar əldə edəcəklər.

Qeyd edək ki, Tacikistanda yerləşən 201-ci baza 2004-cü ildə açılıb. 10 illik bağlanmış müqavilənin müddəti isə 2014-cü ildə bitir.

Sadiq Musa
AzNews.az