İndi top Saakaşvilidədir...

4 Oktyabr 2012 13:30 (UTC+04:00)


Parlament seçkilərini uduzan Gürcüstan prezidenti Mixail Saakaşvilinin sonrakı taleyi və siyasi kursun gələcək yönü kimi məsələlər həm insanların həm də mətbuatın gündəmini haqlı olaraq zəbt edir. Bunun üçün bir sıra haqlı səbəblər mövcuddur da. Birincisi Gürcüstanda belə desək "Saakaşvili konstitusiyası" qüvvədədir. Bu isə ona kifayət qədər manevr imkanları verir. Saakşavili parlamentə təsir imkanlarını əlində saxlayır. Parlamenti buraxa, Baş nazir təyinatını rədd edə bilər. Bu isə çox maraqlı bir sual yaradır. İvanişvili qələbəni qeyd etməklə nə qədər haqlıdır?!

Ekspertlər də eyni qənaəti bölüşürlər. Onlar hesab edirlər ki, Gürcüstan prezidenti səlahiyyətləri bitənəcən bu rıçaqlardan istifadə edərək, öz hakimiyyəti üçün "əla" şərait yaradacaq və kim olduğunu çox astaca qulaqlara pıçıldayacaq.

İndiki parlament spikeri David Bakradce də situsaiyanın mürəkkəbliyini anlayanlardandır. O, deyir ki, hazırda prezidentə öz komandasını parlamentə təqdim etmək üçün heç nə mane olmur. O, burada bir "əmma"nın olduğunu gizlətmir. Bakradce qeyd edir ki, məsələn sabiq Daxili işlər naziri Vano Merabişvili Baş nazir postuna təqdim oluna bilər ancaq parlamentdəki çoxluq onu dəstəkləməyəcək. Bu isə böhrana səbəb olacaq. Konstitusiyaya görə isə, 6 aydan sonra növbədənkənar parlament seçkiləri təyin oluna bilər. Bakradce isə bunu istəmir. Onun qənaətinə görə, bu seçicilərə hörmətsizlik olar.

Düzü İvanişvili də onu gözləyən sürprizləri görür. Yəqin görməsəydi, deməzdi ki, biz Saakşavilini xoşluqla istefaya çağırırıq. İvanişvili dolayısı ilə belə dedi: "O, konstitusiyada qurduğu tələlərlə başımıza oyun açıb yenidən bizi parlament seçkilərinə sürükləmək istəyir".

Bütün bu suallar hələ ki, açıq olaraq qalır. Daha doğrusu qalır Saakaşvilnin insafına. Top indi Saakaşvlidədir. İstəsə qol buraxar istəsə vurar. Bəs Gürcüstan bütün bu oyunlardan udacaqmı, bax bu tamam ayrı yazının mövzusudur. Gəlin gözləyək!

Sadiq Musa
AzNews.az