İstanbula 70 santimetr qar yağdı, 800 avia reys təxirə salındı
19 Fevral 2015 12:27 (UTC+04:00)
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "haber3" saytı yayıb.
Yağan qar son 28 ilin ən yüksək rekordu hesab edilir. Çatalca kəndlərində qarın qalınlığı 70 sm-ə çatıb. Mahmutbey-Hadımköy bölgəsində isə qarın qalınlığı 75 cm olub.
İstanbulda son dəfə belə qar 1987-ci ilin mart ayında yağıb. Həmin vaxt düşən qarın qalınlığı 63 santimetr olub.
İstanbul Böyükşəhər Bələdiyyəsi çərşənbə axşamı günündən bu yana qar yağışı ilə bağlı bəyanat verib.
İstanbulda şiddətli qar yağışı gecə boyu davam edib.
Magistral yollarda nəqliyyatın hərəkətinin bağlandığı deyilir. Son iki gündə qarın ağırlığından 189 ağac devrilib.
Ağaclar yanğınsöndürmə idarəsinin əməkdaşları tərəfindən götürülüb.
"Tıxacda qalan vətəndaşların ehtiyaclarını ödəmək üçün bölgələrə mobil bufetlər göndərilib. Mobil bufetlərdən vətəndaşlara isti şorba, kumanya, çay və su paylanılıb. Yolların donmaması üçün son 24 saatda 18 min 543 ton duz və 926 ton məhlul istifadə edilib. Küçələrdə qalan 437 vətəndaşa Zeytinburnu İdman Kompleksində isti yemək verilib", - deyə İstanbul Böyükşəhər Bələdiyyəsi bildirib.
Türkiyədə qarın yağması Türk Hava Yollarına məxsus daxili və beynəlxalq təyyarə reyslərinin təxirə salınması ilə nəticələnib. Artıq 800-dən çox reysin təxirə düşdüyü deyilir.
Türkiyənin kurort şəhəri hesab edilən Antalyaya da qar yağıb. Bu ərazilərdə qarın yağması son 20 ildir ki, ilk dəfədir ki, müşayiət olunur.