“Nefçi”nin biletləri 80 qəpiyə satıldı - FOTOSESSİYA

5 Oktyabr 2012 05:26 (UTC+04:00)

1. Oyun qabağı T. Bəhramov adına Respublika stadionunun ətrafında böyük gərginlik hökm sürürdü. Əgər stadionda artıq 20 mindən çox azarkeş var idisə, girişlərdə də 10 mindən az olmayan kütlə toplaşmışdı. Və onların əksəriyyəti əllərində bilet ola-ola oyunu canlı izləməkdən məhrum idilər. Yalnız birinci hissənin sonuna beş-on dəqiqə qalmış girişlərdə dayanan polislər camaatı tam içəri buraxdı.

2. Hesab 0:3 çatanadək azarkeşlər dayanmadan "Neftçi"ni dəstəkləyirdi. Minə yaxın insan sevimli komandasının formasını geyinərək, oyunu canlı izləməyə gəlmişdi. Lakin 1-ci hissənin sonunda fanatlar oyunçularımızı fitə basaraq, soyunub-geyinmə otağına yola saldılar.

3. Fasilədə minlərlə futbolsevərlər "Neftçi"nin belə zəif oyununa etiraz əlaməti olaraq stadionu tərk etdilər. Və futbolçularımızın aldığı məvacibi doğrultmaması demək olar ki, bir nömrəli mövzuya çevrildi. Hətta "Neftçi"nin Avroliqada birinci qolu belə, bu söhbətləri kölgədə qoya bilmədi.

4. Oyun qabağı biletlərin qiyməti 70 manata çatırdısa, birinci hissədən sonra alverçilər onları 80 qəpiyə (!) belə almağı təklif edirdilər.

5. Tədbirin təhlükəsizliyini təmin etmək üçün iki mindən artıq insan cəlb olunmuşdu. Daxili işlər orqanlarının əməkdaşlarından başqa oyunun rahatlığını SOCAR-ın təhlükəsizlik xidmətinin işçiləri təmin edirdi. Polisin və SOCAR işçilərinin azarkeşlərlə adətən sərt və kobud davranışlarından bu dəfə əsər-əlamət belə yox idi. Onlar stadiona gələn nəinki jurnalistlərə, hətta adi insanlarla belə mülayim idilər.

6. Tanınmış gülüş ustası Bəhram Bağırzadənin Böyükağa Hacıyevi hətta Napoleonla müqayisə etməsinə baxmayaraq, "Neftçi"nin baş məşqçisi "sərkərdəliyi" bu oyunda tam iflasa uğradı. Onun "biz italyanları hələ öz silahıyla udacağıq" kəlməsi hələ söz olaraq qaldı. Bizim italyan - Bruno Bertuççi heç nə ilə yadda qalmadı.

7. Oyun KİV nümayəndələrinin stadionda dəfələrlə yaşanan daha bir problemini yenidən gündəmə gətirdi. Qələm əhli üçün nəzərdə tutulan yerlərdə yenə də kənar şəxslər əyləşdilər. Və elə buna hörə də bir neçə KİV nümayəndəsi əlində bileti ola-ola oyunu ayaq üstə izləməli oldu.

Araz Xəzər
AzNews.az