Məşhur “Cücələrim” 63 ildən sonra – VİDEO – FOTOSESSİYA

5 Oktyabr 2012 06:07 (UTC+04:00)


Məşhur "Cücələrim" mahnısı növbəti dəfə ekranlaşdırılıb. AzNews.az-ın məlumatına görə, mahnını müğənni Leyla Ramazanlı ifa edib. O, yeni aranjimanda səsləndirdiyi mahnıya klip çəkdirib. Klip çəkilişləri yay vaxtı Xızı rayonunda aparılıb.

Müğənninin PR meneceri Ceyhun Məhərrəmovun AzNews.az-a açıqlamasında bildirib ki, müğənni mahnını çox fərqli və müasir tərzdə ifa edib: "Leyla Ramazanlı sözügedən klipi artıq dinləyicilərin öhdəsinə buraxıb. Gənc müğənninin yeni klipinin rejissoru hər zaman onun kliplərinə rejissorluq edən bacısı Xavər Ağamalıyevadır".

Qeyd edək ki, 1949-cu ildə yazılan "Cücələrim" mahnısının bəstəkarı Qəmbər Hüseynli, sözlərinin müəllifi Tofiq Mütəllibovdur. Mahnının ilk ifaçısı Arif Həziyevdir. Mahnı keçmiş SSRİ məkanında 1959-cu ildə, Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında Suğra Bağırzadənin ifasından sonra şöhrət qazanıb.

"Cücələrim" dünyanın bir sıra dillərində uşaqların dilinin əzbəri olan mahnılardan biridir. Sovet multiplikasiyasının şedevrlərindən olan "Nu, poqodi!" silsilə cizgi filminin seriyalarından birində də bu mahnı məhz Azərbaycan dilində səslənir.



Fuad Mədətov
AzNews.az