“Xocalısız...” adlı anım tədbiri keçirildi

25 Fevral 2015 20:33 (UTC+04:00)
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu idarəsinin "İçərişəhər" tarixi muzeyi və Milli Azərbaycan Tarixi Muzeyi Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilmiş "Xocalısız..." adlı anım tədbiri keçirib.

APA-nın məlumatına görə, tədbirdə muzey tərəfindən hazırlanmış roll-up stendlərində Xocalı faciəsini nümayiş etdirən fotolar yerləşdirilib.

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Xocalı faciəsini Azərbaycan xalqının başına gətirilən dəhşətli bəlalardan biri kimi qiymətləndirərək, faciəni dünyanın ən böyük cinayətlərindən biri kimi xarakterizə edib.

N. Vəlixanlı qeyd edib ki, dünya ictimaiyyətinin diqqətini erməni millətçilərinin törətdikləri cinayətlərə cəlb etmək məqsədilə keçirilən tədbirlər davam etdiriləcək.

"İçərişəhər" tarixi muzeyinin direktor müavini, əməkdar mədəniyyət işçisi Gülnar Əliyeva və başqaları qanlı faciəni əks etdirən məruzə ilə çıxış ediblər.

Anım tədbirində Uşaq Teatrının "Can ver" kompozisiyası ifa olunub, M. Maqomayev adına 26 saylı uşaq musiqi məktəbinin şagirdləri Xocalı faciəsinə həsr olunmuş musiqi nömrələri ilə çıxış ediblər.