FTX: “Qafqazdakı bütün “Əl-Qaidə” liderləri məhv edilib”

5 Oktyabr 2012 07:42 (UTC+04:00)


Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri Aleksandr Bortnikov Şimali Qafqazdakı vəziyyətlə bağlı açıqlama verib. AzNews.az-ın pravda.ru saytına istinadən verdiyi xəbərə görə, FTX rəhbəri bildirib ki, Şimali Qafqazda fəaliyyət göstərən beynəlxalq terrorçu qruplaşmaların liderləri artıq yoxdur. Onların hamısı məhv edilib. "Şimali Qafqazda fəaliyyət göstərən bütün "Əl-Qaidə" liderləri məhv edilib. Biz bütün beynəlxalq terrorçu qruplaşmaların liderlərini neytrallaşdırdıq və onlar üzərində üstünlük qazandıq". Bununla belə, o, "Əl-Qaidə" nin hələ də təhlükə olaraq qaldığını vurğulayıb.

O, bildirib ki, təşkilatın lideri öldürülsə də, onun qurduğu struktur yaşayır. Rusiya FTX-nın rəhbəri bir az da qabağa gedərək, bildirib ki, xüsusi xidmət orqanlarının qarşısında duran əsas vəzifə Yaxın Şərq və Şimali Afrikada fəaliyyət göstərən terrorçuları neytrallaşdırmaqdır.

Ekspertlər FTX rəhbərinin fikirlərini Rusiyanın adı çəkilən regionlarda anti-terror əməliyyatları keçirmək istəyi kimi təhlil edirlər.

Sadiq Musa
AzNews.az