Erməni yazarın Xocalıya görə üzr istəməsinə - Azərbaycandan reaksiya
27 Fevral 2015 14:10 (UTC+04:00)
O yazıb ki, fevralın 26-da törətdiyi genosidi boynuna almayan və haqq qarşısına çıxmağa mənliyi və cürəti çatmayan bir xalqın yüz illər əvvəl ata-babalarının başına gətirilmiş genosidə görə dünyadan ədalət tələb etməyə mənəvi haqqı yoxdur.
Azərbaycan yazarlarının erməni publisistinin fikirlərinə münasibəti isə birmənalı olmayıb.

Yazıçı Seyran Səxavət AzNews.az-a açıqlamasında bildirib ki, Vahe Avetyan doğrudan da deyibsə ki, Xocalı soyqırımına görə, Azərbaycan xalqından üzr istəyirəm, bu, fakt olaraq yaxşı məsələdir: "Ümumiyyətlə, etiraf etmək güclü insanların işidir. Şəxs var ki, 100 il yaşayır, ömründə bir dəfə də olsun, etiraf etmir. Niyə? Çünki zəif adamdı. Buna görə, erməninin bu açıqlaması maraqlıdır. Amma bir şey var, biz azərbaycanlı olaraq çox emosional xalqıq. O saat erməni dediyinə görə az qalırıq, özümüzdən gedək. Yəni, o, erməni də olsa, dediyinə görə sağ olsun. Hər halda bu, böyük sözdür. Amma bu böyük etirafı edənin erməni olduğunu heç vaxt yadımızdan çıxarmamalıyıq. Ola bilər ki, o, bunu özünü reklam xətrinə edir, yaxud da bu sözü ürəkdən də deyə bilər. Hər halda insandı. Bu, bir insani addımdı, hər halda onun kim tərəfindən atıldığını unutmamalıyıq. O addımı məhz erməni atıb. Yəni o saat bunu reklam etməyək, çaldığı havaya oynamayaq. O saat müsəlman, azərbaycanlı olduğumuzu göstərməyək və tələsməyək".

Yazıçı Əjdər Olun fikrincə isə erməni publisistinin fikri reklam xarakterli deyil: "Yüz faiz Avetyan vicdanının səsinə səs verib. Görünür o, Xocalı faciəsini dərindən dərk edib, özü üçün araşdırıb. İnsan olaraq, hansısa münasibətlərdən kənarda insan kimi vicdanının səsinə cavab olaraq münasibətini bildirib. Hər halda özünü dərk edən və bəşəri duyğularla yaşayan insan belə deyə bilər".

Şair Zahir Əzəmətin də fikirincə, Avetyan bunu reklam üçün etməyib: "Düşünmürəm ki, Avetyan bunu reklam üçün etsin. Bu həqiqəti dilə gətirməklə Avetyan ölkəsində hökm sürən bütün ideoloji sistemə qarşı gedir, həyatını təhlükəyə atır, həm hakimiyyətin, həm müxalifətin hədəfinə çevrilir. Burada hansı reklamdan söhbət gedə bilər? Bu, sadəcə bir vicdanın səsidir".
Bahar RÜSTƏMİ
AzNews.az