Əhmədinejad Türkiyədə önəmli açıqlamalar verdi

27 Fevral 2015 17:11 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı Türkiyə mətbuatı yayıb.

Qalacağı otelə gələn Əhmədinejad mətbuat nümayəndələrinə bəyanatlar verib. O, Bursaya gəlməkdən çox məmnun olduğunu deyib.

"MƏRHUM ERBAKAN ÇOX BÖYÜK BİR İNSAN İDİ"

Bursaya gəldiyinə görə xoşbəxt olduğunu deyən Əhmədinejad "Qardaşlarımızla qucaqlaşma imkanı tapdıq. Mərhum Erbakan böyük bir insan idi. Olduqca idealist və hədəfləri olan bir insandı. Dünya məsələlərini çox yaxşı bilirdi. Bəşər həyatının problemlərini çox yaxşı dərk etmişdi. Öz hazırladığı proqramlarla bəşər həyatının yaxşılaşması üçün səy göstərərdi. Həqiqi mənada bir siyasətçi və mömin insandı. İmanı ilə siyasəti bir idi. İki üzlü deyildi. Bəşər cəmiyyətinə xidmət etmək üçün səy göstərdi. Bütün dünyada ədalət və sülhün bərqərar olması üçün çalışdı. İmperialistlər əvvəl millətləri zəiflədir, sonra onlar üzərində suverenlik qururlar. Həqiqi siyasətçilər isə millətlərin arasında əlaqələri gücləndirmək istiqamətində hərəkət edirlər. Mərhum Erbakan millətlərin güclü olması üçün hərəkət etdi. Allah ona rəhmət etsin. Millətlərin rifah və izzəti üçün bu yolda birlikdə hərəkət etməliyik. Bu, Erbakanı anmaq və ona hörmət etmək mənasına gəlir. Allah bizdən birlik olmağımızı istəyib" sözlərini bildirib.



"TÜRKİYƏ VƏ İRAN DÜNYAYA TƏSİR EDƏCƏK 2 ÖLKƏDİR"

"Bizim arzu etdiyimiz böyüklük yalnız millətlərin böyüklüyündədir" deyən Əhmədinejad sözlərini belə davam etdirib: "Bursanın mömin xalqı ilə qucaqlaşmaq və onlarla birlikdə olmaq ümidindəyəm. İran və Türkiyə xalqı həmrəylik və birlik içinə daxil olarlarsa, bu, eyni zamanda beynəlxalq sahədə də problemlərin həllinə böyük kömək edəcək. Çünki İran və Türkiyə iki böyük dövlətdir. Mədəniyyət və sivilizasiya sahibi olan iki millətdir. Türkiyə və İran islam dünyasının deyil, bütün dünyaya təsir edəcək iki ölkədir. Bunlar birlikdə olsalar, bu ölkələrin və ümumilikdə dünyanın siması da dəyişər".

"ŞEYTANIN ÖLÜMÜ YAXINDIR"

"Bu iki millətin birlik və bərabərliyi ilə yanaşı düşmənləri də var. Şeytan millətlərin baş düşmənidir. Millətlər bir araya gələrlərsə, şeytan və şeytani qüvvələr heç bir şey edə bilməzlər. Və sizə müjdə verim ki, şeytanın ölümü və millətlərin vəhdəti yaxındır".



DÜNƏN DƏ GÜLLƏ GÖRÜŞÜB

Əhmədinejad dünən də sabiq Prezident Abdullah Güllə Tarabya Köşkündə görüşüb. Bir saat davam edən görüşdə iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi müzakirə edilib.