Nazirlik 74 min manat cərimə tətbiq edib

5 Oktyabr 2012 09:01 (UTC+04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 15-30 sentyabr tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə məişət və istehsalat tullantılarının idarə olunması sahəsində yol verilmiş qanun pozuntularına görə 132 akt və protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 34 müddətli məcburi göstəriş verilib.

Ümumilikdə, 25 iş üzrə 74800 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 17 iş üzrə 1048.82 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 233 iş üzrə 55750.04 manat məbləğində ödəmə tətbiq edilib.

Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 3, məhkəmələrə 1, icra qruplarına isə 15 iş göndərilib.

Elnarə Əlosmanqızı
AzNews.az