Xalq artistini 20 Yanvarda konsert verməyə nə vadar edib? - VİDEO

5 Oktyabr 2012 09:10 (UTC+04:00)


Mərhum sənətkarımız Şövkət Ələkbərova haqqında bu şokedici xəbəri eşidəndə qulağıma inana bilmədim. Bir saatlıq davam edən konsertin səhnəarxası olayından, bəlkə də bir film çəkmək olar. Amma çox təəssüf… Ona görə ki, bu filmin biçarə "qəhrəmanı" Şövkət Ələkbərova olub. AzNews.az-a daxil olan məlumata görə, Ş.Ələkbərova Azərbaycandan çox-çox uzaqda, Almaniyada konsert verib. Konsertin tarixinə bir baxın: 1990-cı il, 20 yanvar… Səsi ilə milyonların yaddaşında dərin iz salan sənətkar tərəfindən həmvətənlərinin öz torpağında qanına boyandığı, Azərbaycanın ölüm-dirim savaşında, ayaqyalın, silahsız tankın qarşısına çıxıb "Günahsız insanları qırmayın" deyə sinələrini güllə qarşısına verən insanların vəhşicəsinə öldürüldüyü bir gündə səhnəyə çıxıb konsert vermək?! İnanılası deyil… Sənətkarı belə biabırçı olaya kim məcbur edib? İmkansızlıq, yoxsa səhhətinin yerində olmaması… Bəlkə daha dərin mənalar var bu "tapmacada"?..

Konsertin sirri İranda açıldı

Həmin konsertlə bağlı materialı bizə təqdim edən əməkdaşımız Mahir Hüseynbəylinin sözlərinə görə, o, sözügedən tükürpədici xəbəri 1991-ci ildə eşidib: "Bu xəbər mənə rahatlıq vermirdi. Axı Şövkət xanım bu hərəkəti edə bilməzdi. Şübhələr məni içimdə didib-didişdirirdi. Nəhayət ki, bu narahatlığa son qoymaq üçün mən 1994-cü ildə Tehrana getdim. Tehranda Vəhid adlı bir musiqiçi ilə görüşdüm. Vəhidin qardaşı həmin konsertdə Şövkət xanımı müşayiət edən ansamblda qarmon çalırmış. Vəhid mənə həmin konsertin videokassetini izlətdi. Baxanda dəli oldum, o, boyda sənətkarı, belə qüdrətli səsi olan xanım-xatın müğənnimizi tanıya bilmədim. Şövkət xanım tamam arıqlayıb, saçları ağappaq ağarmışdı. Açıq-aşkar görünürdü ki, səhnədə ayaq üstə belə, dayana bilmirmiş. Bir yandan ayağının xəstəliyi, bir yandan da şəkərin miqdarı 240-260-a qalxıbmış. Görüblər ki, bu ayaq üstə dayana bilməyəcək, onu məcburən stolda oturdurublar. Musiqiçilər zəif, Şövkət xanımın da səsi güclə eşidilir. Konsert hardasa bir saata kimi davam edib. Pianinonun arxasında oturan qadın yazıq-yazıq Şövkət xanıma baxırdı. Soruşdum Vəhid bu qadın kimdir? Dedi "tanımırıq". Uzun zamandan sonra həmin qadını Şövkət xanımın yas məclisində gördüm. Maraqlananda dedilər ki, gəlinidir".

Şövkət Ələkbərovanın konsertinə "bombanı" kim qoyub?

Ş.Ələkbərovanın gəlini Gülnarə xanımı arayıb, onun da fikirlərini aldım. Onun dediklərindən: "Həmin vaxt Şövkət xanım Almaniyada idi. Orada ona deyiblər ki, "gəl oxu". Amma Şövkət xanım razı olmayıb. Deyib ki, "mən oxuya bilmərəm, səhhətim yerində deyil". Elə bu arada 20 Yanvar hadisəsi baş verib. Bunu eşidən Şövkət xanım konsert verməyə razılıq verib. Deyib ki, "bu konserti yalnız bir şərtlə verərəm. Konsertdən əldə olunana maddi vəsait 20 Yanvar hadisəsi zamanı əziyyət çəkən ailələrə veriləcək". Bunlar da razı olub.

Konsertin başlanmasına iki saat qalmış söhbət yayılır ki, guya zala bomba qoyulub. Bunu eşidən azərbaycanlıların əksəriyyəti konsertə gəlməyib. Amma sonradan biliblər ki, bu bomba əhvalatı sadəcə, bir şayiədir. Yəni, bunu çıxarmaqda məqsəd oradakı azərbaycanlıların konsertə gəlişinin qarşısını almaq olub. Konsertdə dünya şöhrətli müğənni kimi tanınan Yaqub Zurufçu iştirak edib. Həmin konsertdə o, oxumalı idi. Amma o, qəfildən oxumaqdan imtina edib. Deyib ki, "pul verməsəniz, səhnəyə çıxan deyiləm".

Sonradan Yaqub Zurufçu fikrini dəyişib səhnəyə çıxsa da, pul tələbinə görə, musiqiçilər səhnədə onu "baykot" ediblər. Konsertdən əldə olunan pula Şövkət xanım dava-dərman alıb Azərbaycana göndərib".

Yaqub Zurufçu sənətkarımızı "meydanda" niyə tək buraxdı?

Yaqub Zurufçu AzNews.az-a açıqlamasında bu konserti Ş.Ələkbərovanın səhhətində yaranmış problemlə əlaqələndirdi: "Dedim, dəvət göndərim, gedək Almaniyada sizi müalicə etdirək. Razılaşdı. Almaniyaya qayıdan kimi oktyabrda onun özünə, oğluna və gəlininə dəvət göndərdim. Onlar gəldilər və Almaniyada qaldılar. O müalicə üçün gəlmişdi.

Şövkət xanımın müalicəsinə pul lazım idi. O, qürurlu qadın idi, heç kimdən pul istəməzdi. Həmin vaxt dövlət büdcəsində pul yox idi. Almaniyada da müalicə baha başa gəlirdi. Üstəlik, ölkədən ancaq müəyyən miqdarda pul aparmaq olurdu. Onun pulsuz qalması bəzi pis, mənafeyini güdən insanların ondan istifadə etməyinə imkan verdi. 20 Yanvar faciəsindən 3-4 gün sonra Şövkət xanımı xəstə halı ilə konsert verməyə razı saldılar. Doğrudur, o konsertdə tamaşaçı olmuşdum.

Amma mən həmin konsertin təşkilatçısı deyildim. O vaxt mən Azərbaycanda çox populyar idim. 20 Yanvar hadisələri ərəfəsində Şövkət xanımın konsertini təşkil etməyi məndən istəmişdilər. Lakin mən boynuma götürmədim. Qulam və Rəhman adlı bir qarmonçalan vardı. İndi Amerikada yaşayırlar. Konserti onlar etdilər. Qulam dedi ki, "konserti özüm təşkil edəcəm". Şövkət xanımın oğlu Bəşir də orda idi. Musiqiçilər zəif idi. Şövkət xanım oxuya bilmədi. Özü də çox həyəcanlı idi. Müalicəsi yarımçıq qalmışdı. Amma mən ona dedim ki, "bu konserti vermə, dost-tanışdan pul taparam".

Sadəcə təskinlik...

Çox təəssüf... Ona görə ki, bu yazı mərhum sənətkarımızın 90 illik yubileyi ərəfəsinə təsadüf etdi. Amma hər halda bir təskinlik tapdıq-Şövkət Ələkbərova həmin konsertdə 20 Yanvar hadisəsindən əziyyət çəkənlərə yadım etmək məqsədi ilə səhnəyə çıxıbmış...

Mövzunu davam etdirəcəyik.


Qeyd: Mahir Hüseynbəylinin şəxsi arxivindən olan bu görüntülər, 1990-cı ildə Almaniyada, qarmon ifaçısı Rəhmanın mənzilində lentə alınıb.



Bahar Rüstəmli
AzNews.az