İlham Əliyev Çili nümayəndə heyətini qəbul etdi

5 Oktyabr 2012 11:39 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Çili Respublikasının Deputatlar Palatasının yoxsulluqla mübarizə, planlaşdırma və sosial inkişaf daimi komissiyasının sədri, Çili-Azərbaycan dostluq qrupunun rəhbəri Enrike Akkorsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AzNews.az-ın məlumatına görə, dövlət başçısı Çili Deputatlar Palatasının komissiya sədri, Çili-Azərbaycan dostluq qrupunun rəhbəri Enrike Akkorsinin başçılıq etdiyi nümayəndə heyətinin Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının önəmini qeyd edib.

Səfərin ikitərəfli münasibətlərimizin inkişafı baxımından əhəmiyyətini vurğulayan İlham Əliyev əlaqələrimizin genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib. O, parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərimizin inkişafındakı rolunu vurğulayıb.

Enrike Akkorsi Azərbaycana gələn nümayəndə heyətinin tərkibində Çilinin bütün siyasi partiyalarının təmsil olunduğunu məmnunluqla söyləyib.
Bakı Beynəlxalq Humanitar Forumunda Prezident İlham Əliyevin nitqinin böyük maraqla qarşılandığını vurğulayan qonaq dünyada sülhün qorunmasında və qarşılıqlı anlaşmanın təmin olunmasında Forumun əhəmiyyətini deyib.

İlkin
AzNews.az