Qarabağ qazisinin haqqını necə yedilər - Araşdırma

3 Mart 2015 16:31 (UTC+04:00)
ev problemi ilə bağlı QAZİLER.AZ redaksiyasına müraciət edərək başına gələnlərdən, ona qarşı olan biganəlikdən şikayət edir. Daha doğrusu, 2010-cu ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onun üçün 51 min manata inşa edilən evin yararsız olduğunu, bu işdə ciddi korrupsiya yol verildiyini bildirdi.

1971 –ci ildə anadan olan, üç uşaq atası, Qarabağ əlili N.Məmmədovun ötən il Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikası Milli Məclisin sədri Oqtay Əsədova, Baş Nazir Artur Rəsizadəyə və digər müvafiq qurumların rəhbərlərinə müraciətlər ünvanlayıb. O, öz müraciətində bildirir ki, müharibə əlili kimi Beyləqan rayonu, I Şahsevən kəndində ona ayrılan torpaq sahəsində dövlət tərəfindən tikindi işi aparılmış və orada iki otaq inşa edilməyə başlayıb. Amma...



"Bu tikintinin də bizim beş nəfərlik ailə üçün azlıq etməsinə baxmayaraq 2010 - cu ildə tikintisinə başlanan evin inşası yarımçıq qaldı. Ona görə də mən yuxarı instansiyalara dəfələrlə müraciət etmişəm, buna baxmayaraq, heç bir tədbir görülmədi". Qarabağ əlili öz müraciətlərində Azərbaycan Respublikası Prezidentindən tikintinin başa çatdırılması ilə bağlı göstəriş verməsini xahiş edib. Yalnız bundan sonra araşdırmalara başlanıb. Qarabağ əlilinin müraciətlərinə cavablardan bəlli olub ki, əslində bu yarımçıq qalmış ev tikilib - rəsmi sənədlərdə dövlət aktı ilə təhvil verilib. N.Məmmədovun da imzası var o aktda. Amma...



"Məni aldadıb qol çəkdirdilər o akta. Dedilər ki, qol çək, tikintini tamamlayacağıq. Eyni zamanda, bir neçə nəfər Qarabağ əlili var idi ki, onlara da mənzil tikilməli idi. Onlar da dedilər ki, buna qol çəkməsən bizə də ev tikilməyəcək. Mən də inanıb qol çəkdim. Amma sonra tikinti yarımçıq qaldı. Yəni evin tamamlama işləri aparılmadı. Buna görə də o evə köçə bilmədim. Elə o vaxtdan yarımçıq qalıb. Mən də kirayələrdə qalmışam."

Qeyd edək ki, bütün "ammalar" N.Məmmədovun əlaqədar təşkilatlara etdiyi müraciətlərinə göndərilən cavablarda da var - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tikilməkdə olan Obyektlərin Müdiriyyəti tərəfindən, direktor Natiq Əzizovun imzası ilə 4 mart 2014-cü il tarixində göndərilən cavabda bildirilir: "Nəzərinizə çatdırırıq ki, Beyləqan rayonu, I Şahsevən kəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Sizin üçün 2 otaqlı yaşayış binası tikilərək Qəbul Komissiyasına istismara qəbul aktına əsasən (30 dekabr 2010 –cu il tarixli) Sizə təhvil verilmiş və Dövlət Qəbul Komissiyasının aktının doğruluğunu öz imzanızla təsdiq etmişsiniz. Bu məsələ ilə əlaqədar Sizə dəfələrlə məlumat verilmişdir".



Di gəl ki, eyni təşkilatın və eyni şəxsin imzası ilə 27 mart 2014 –cü il tarixdə ona göndərilən cavab isə əvvəlki cavabı təkzib edir: "Mənim tərəfimdən sizin fərdi evinizə baxış keçirilmiş və elektrik təchizatının olmaması aşkarlanmışdır. Hazırda evinizə elektrik xəttinin çəkilməsi başa çatdırılıb. Eyni zamanda, bildiririk ki, evdə yaşayış olmadığı üçün ev baxımsız vəziyyətdədir. Tərəfimizdən evin fasadının yenidən rənglənməsinə də göstəriş verilmişdir ".

Çox maraqlıdır, axı biz bu məktublardan hansına inanaq?

Qarabağ əlilinin təqdim etdiyi digər məktubda isə tamam başqa məqamlar üzə çıxır. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədovun Nazirlər Kabineti Aparatının rəhbəri Ağabala Hacıyevə göndərdiyi 13 mart 2013 - cü il tarixli (14/M -18 nömrəli məktuba əsasən) göndərdiyi məktubda isə deyilir: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə II qrup Qarabağ müharibəsi əlili Nağdəli Məmmədov üçün 2010-cu ildə inşa edilib istismara verilmiş fərdi yaşayış evinə Nazirliyin nəzdində Tikilməkdə olan obyektlərin müdiriyyətinin nümayəndəsi tərəfindən baxış keçirilmişdir. Baxış zamanı fərdi yaşayış evində olan qüsurlar aşkarlanaraq Akt tərtib edilmişdir. Tərtib edilmiş Akta əsasən birmərtəbəli, iki otaqlı fərdi yaşayış evində aşkarlanan qüsurlar qiymətləndirilərək, yaşayış evində olan çatışmazlıqların aradan qaldırılması üçün Podratçı təşkilata göstəriş verilmiş və qısa müddət ərzində məsələ öz həllini tapacaqdır" – deyə bildirilir.

Qeyd edək ki, Dövlət Qəbul Komissiyasının inşası başa çatmış obyektin istismara qəbul olunması barədə Aktda (30 dekabr 2010 –cu il) bildirilir: "Təsdiq edilmiş layihə - cmeta sənədləri üzrə 1991 - ci il ƏDV –siz smeta dəyəri: cəmi 6,30 min manat, o cümlədən quraşdırma işləri 2,802 min manat. İstismara qəbul edilmiş əsas fondların müasir qiymətlərlə ƏDV -siz dəyəri – 51227,46 manat, o cümlədən: tikinti quraşdırma işlərinin dəyəri – 49350,46 manat, avadanlıqların dəyəri 1355,00 manat, sair xərclərin dəyəri 522,00 manat təşkil edir ". Hətta Qəbul Komissiyasının qərarı ilə N.Məmmədova verilmiş ev "yaxşı" qiymətləndirilərək istismara qəbul edilib. Halbuki, ev yaşayış üçün yararsızdır. Və orada yaşamaq qeyri – mümkündür.



Məsələ ilə bağlı Qarabağ qazisi, "Vətən Müharibəsi Əlilləri" birliyinin sədri Firudin Məmmədovla da əlaqə saxladıq. O da yaxınlarda bu faktdan xəbərdar olduğunu və bundan çox təəssüfləndiyini söylədi: "Nağdəli Məmmədovun müraciəti ilə biz də maraqlandıq. Təəsüflər olsun ki, mənzil tikintisi zamanı Qarabağ qazisinin haqqı yeyilib. Ən biabırçısı da odur ki, bu gün həmin qazi mənzilsizdir. Bizə də müxtəlif vaxtlarda bu kimi faktlar çatdırılır. Biz də imkanımız daxilində bunların araşdırılıb, ölçü götürülməsi üçün müvafiq qurumlara müraciət edirik. Digər tərəfdən, axı evin dəyəri 51 min manat deyil. Özü də 2010-cu ildə! Olsa-olsa oraya 9-10 min manat vəsait xərc çəkilib. Belə Allahsızlıq olmaz axı! Yeyirsiniz, haram xoşunuz olsun, 2 min yeyin, 3 min yeyin, ta 51 min manatın 35-40 minini də yemək olmaz axı! Vallah, bunu Allah götürməz! İnanın, 51 min manata Beyləqanda 3-4 nəfər Qarabağ əlilinə ondan da yüksək səviyyəli mənzil tikmək olardı və bu gün də mümkündür. Bunlar hamısı keçmiş nazir, xalq arasında daha çox, "kommersant" kimi ad çıxarmış Füzuli Ələkbərovun vaxtın da baş verən korrupsiya hallarıdır. Bu o zamanlar baş verib ki, onun dediyi ilə oturub-duran bir neçə "QHT"lərdən başqa kimsəni nazirliyə buraxmırdı. Biz o zamanlar dəfələrlə açıqlamalar verirdik, dövlət orqanlarına müraciət edirdik. Lakin nəticəsi olmurdu. Əksinə bizim təşkilatın rəhbərliyinə, fəallarına qarşı müxtəlif formada təzyiq göstərilirdi ki, susaq. Biz bilirdik ki, gün gələcək cənab prezident Füzuli Ələkbərovu bütün bunlara görə cəzalandırcaq. Buna əmin idik. Belə də oldu - növbəti dəfə ona nazir postunu etimad etmədi. Hazırkı nazirimiz Səlim Müslümov bu vəzifəyə qoyulan andan biz yaxşılığa doğru dəyişikliyi hiss edirik. Üç dəfə onunla görüşmüşük. Çox səmimi və işgüzar söhbətlərimiz olub. Adamın üstündə Allah var, yalan danışa bilmərik, bu adam iş görür və əvvəlki neqativ halların aradan qaldırılması üçün çalışırr. Amma o nazirlikdə elə məmurlar var ki, onlar üçün Qarabağ əlili, şəhid ailəsi kimi müqəddəs anlayışlar yaddır. Nağdəli Məmmədovun məsələsində çox ciddi korrupsiya elementləri var, inanırıq ki, Səlim müəllim bu faktların araşdırlmasına da və günahkarların cəzalandırılmasına da, bu kimi neqativ halların bundan sonra baş verməməsi üçün çox ciddi tapşırıq verəcək. Biz buna inanırıq. Çünki bu gün dövlətimiz tərəfində Qarabağ əlillərinə, şəhid ailələrinə çox ciddi qayğı göstərilir, konkret işlər görülür."

"Qarabağ qaziləri" birliyinin rəhbərliyində təmsil olunan Qarabağ qazisi Rizvan Vəliyev də problemin həlli üçün çalışdıqlarını dedi: "Bu problemlə bağlı mən şəxsən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin qəbul şöbəsində olmuşam. Bayram adlı qəbul şöbəsinin rəhbəri ilə danışıb problemi ona izah etdik və Səlim Müslümovla görüşmək istədiyimizi bildirdik. Ümumiyyətlə, insanlarla ünsiyyət qurmaqda problemi olan Bayram müəllimə məsələnin mahiyyətini anlatmağa çalışdıq. Ona bildirdim ki, ötən ilin yanvarında Səlim Müslümovla görüşən Qarabağ qazilərindən biriyəm, o adama (Səlim Müslümova -red) hörmətimiz var. Görüşdə bizə demişdi ki, problemlər olanda ona çatdıraq ki, o da yerindəcə araşdırılıb tədbir görülməsi üçün tapşırıq versin. Bu səbəbdən onunla görüşmək istəyirik. Xeyli çək-çevirdən və mübahisədən sonra Bayram müəllim özü Nazirliyin Tikilməkdə olan obyektlərlə iş idarəsinin direktoru Natiq Əzizovla telefon əlaqəsi saxladı. Natiq müəllim də ona bildirib ki, bu məsələ bir başa onluqdur, nazirlik heç nə yoxdur, səhəri gün saat 10-da onun rəsmi qəbul günüdür, elə gedək onun qəbuluna. Səhəri gün saat 10-da Natiq Əzizovla görüşmək üçün getdik nazirliyə, amma Natiq Əzizov bizi qəbul etmədi. Bizim ayrı yolumuz qalmayıb, məsələ həll olunmasa, yəqin ki, məhkəməyə müraciət edəcəyik. "

N.Məmmədovun bizə təqdim etdiyi evin fotoşəkillərinə baxdıqca adamı heyrət bürüyür! Axı dövlətin bu qədər vəsaitini mənimsəyən Füzuli Ələkbərov niyə azadlıqdadır?! Qarabağ qazisi isə qalıb qapılarda