Dövlət qurumları Prezidentin sərəncamlarından xəbərsizdir

5 Oktyabr 2012 12:17 (UTC+04:00)


Milli Məclisin payız sessiyasının iclasında "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklərdə müzakirə olunub və bu barədə qərar qəbul edilib. Xəbərə görə, cari ilin Azərbaycanda İkinci Dünya müharibəsində iştirak edənlərin pensiyalarının artırılacaq.

Ancaq vətəndaşların yaşayış şəraitini yaxşılaşdırılması istiqamətində qəbul edilən qanun və qərarlar çox vaxt problemlərin həllinə yönəlmir. Yəni qanun qəbul edilməsi ilə yanaşı onun işləməsinə də ciddi nəzarət olmalıdır.

Əgər belə olsaydı, Əlişir Hacıyev adlı oxucumuz bizə geniş həcmli şikayət məktubu ünvanlamazdı. 102 yaşlı anasının dövlət tərəfindən ayrılan yardımların heç birindən yararlana bilməməsindən narazılıq etməzdi.

Şikayət məktubuna əsasən, 102 yaşlı Hacıyeva Sarı Allahverdi qızı həyat yoldaşını İkinci Dünya Müharibəsinə yola saldıqdan sonra özü də arxa cəbhədə çalışıb. Sovet dövründə, o cümlədən, müstəqillik dönəmində arxa cəbhədəki fəaliyyətinə görə hətta bir sıra medallarla təltif olunub. Ancaq bu təltiflərin, bu medalların heç biri müavinət hesablananda nəzərə alınmayıb.

Ə. Hacıyev qeyd edir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Nəsimi rayon şöbəsinə müraciət edib. Ancaq ona bildirilib ki, H. Sarının fəaliyyəti arxa cəbhə fəaliyyəti hesab edilmir. Buna görə də, həmin təqaüdü ödəməkdən imtina edib.

Sözügedən qurumla əlaqə saxladıq. Şöbənin baş mühasibi Qədir Əfəndiyev məsələdən xəbərdar olduqdan sonra bildirdi ki, vətəndaşın şəxsiyyət vəsiqəsi, əmək kitabçası quruma təqdim edildiyi və 12 illik əmək stajı oldu halda müavinət verilməsində heç bir problem yarana bilməz: "Ola bilsin ki, onun stajı azdır". Şikayətçi isə məlumat verir ki, anasının əmək stajı 50 ildən də çoxdur.

Ancaq məsələni araşdıran zaman bəlli oldu ki, qurumun özündə də bəzi qanun və sərəncamlardan xəbərləri yoxdur. Məsələn, onlar Prezidentin 2012-ci il iyulun 2-də imzaladığı sərəncamı ya oxumayıblar, ya da başa düşmək istəməyiblər. Nəzərə çatdıraq ki, 2012-ci il iyulun 2-də Prezident İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncam 1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsəd daşıyır.

Sərəncama görə, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilir və onun aylıq məbləği 55 (əlli beş) manat müəyyən edilir. Bu təqaüdün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsinin sosial müdafiə və sosial təminat bölməsində nəzərdə tutulmuş xərclər hesabına ödəniləcəyi bildirilir.

Sərəncamda təqaüdün ümumilikdə 1941-1945-ci illərin Böyük Vətən müharibəsi iştirakçılarına veriləcəyi qeyd olunub. Onun müharibədə arxa cəbhədə fəaliyyət göstərən şəxslərə aid-olub olmadığı göstərilmir. Ancaq görünür, yuxarıda qeyd etdiyimiz kimi, DSMF-nun Nəsimi rayon şöbəsinin bu sərəncamdan xəbərsizliyi məsələni qəlizləşdirib. Belə ki, qurum vətəndaşlara düzgün izahat verməyib və belə desək, sadəcə başlarından eləyiblər.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə də əlaqə saxladıq. Nazirlikdən verilən məlumata görə, 1941-1945-ci illərin Böyük Vətən müharibəsi iştirakçılarına (müharibə əlilləri istisna olmaqla) təsis edilən 55 (əlli beş) manat təqaüd yalnız müharibədə ön cəbhədə iştirak edən vətəndaşlara verilir. Sərəncam arxa cəbhədə fəaliyyət göstərən şəxslər üçün hesablanmayıb. Nazirlik əməkdaşı onu da qeyd etdi ki, vətəndaş müraciətini də doğru ünvana etməyib. Belə ki, müavinətlə bağlı müraciət Nəsimi rayon Əhalinin Sosial Müdafiə Mərkəzinə olunmalıdır. Rayon üzrə DSMF da vətəndaşa düzgün istiqamət verməyib.
Onu da qeyd edək ki, sözügedən Prezident təqaüdü 1800 nəfərə veriləcəyi bildirilir. 55 manat Prezident təqaüdü alacaq 1800 nəfərin sayı hər zaman dəyişə bilər. Çünki bu təqaüdü alanlar 85-dən yuxarı yaşı olanlardır.

Sevinc Fədai
AzNews.az