Prezident millət vəkilinə orden verdi - SƏRƏNCAM
4 Mart 2015 15:11 (UTC+04:00)
AZNEWS.AZ xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və Qızıl Aypara hərəkatının inkişafında xidmətlərinə görə Novruzəli Davud oğlu Aslanov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin".
Qeyd edək ki, Novruzəli Aslanov 1963-cü il martın 22-də Bakı şəhərində anadan olub.
Azərbaycan Politexnik İnstitutunun avtomatika və elektron-hesablayıcı texnika fakültəsini bitirib. "Tərəqqi" medalı ilə təltif edilib. 6 kitabın müəllifidir.
1999–2003-cü illərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri olub.
2003-cü ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentidir.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının üzvüdür.
Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvüdür. Azərbaycan-Monteneqro parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Albaniya, Azərbaycan-Danimarka, Azərbaycan-Kuba, Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.