Girovlarla bağlı qərar verildi

5 Mart 2015 20:40 (UTC+04:00)

Bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov məlumat verib.

Deputat xatırladıb ki, o, Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair qətnamə layihəsini AŞPA-nın yanvar sessiyasında hazırlayaraq, qurumun katibliyinə təqdim etmişdi. "Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair" adlanan həmin qətnamə layihəsi Avropa Şurasına üzv olan 47 ölkədən 24-ü təmsil edən 46 deputat tərəfindən imzalanmışdı. AŞPA-nın prosedur qaydalarına əsasən, qətnamə təklifi ən azı 5 üzv dövləti təmsil edən 20 deputat tərəfindən imzalandıqdan sonra gündəliyə daxil edilməlidir. Göründüyü kimi, qətnamə layihəsi hazırlanarkən tam olaraq qurumun prosedur qaydalarına əməl edilib və həmin qaydalara uyğun olaraq layihə AŞPA-nın gündəliyinə daxil edilib.

E.Süleymanov deyib ki, AŞPA Sədarət Komitəsinin bugünkü iclasında qeyd edilən qətnamə layihəsi müzakirəyə çıxarılıb. İclasda həmin sənədin "Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində gərginliyin artmasına dair" hazırlanacaq məruzədə nəzərə alınması üçün Siyasi Məsələlər Komitəsinin məruzəçisi Robert Volterə göndərilməsi tövsiyə edilib. Növbəti addım kimi sənəd Büroda baxılmalı və Sədarət Komitəsinin tövsiyələrinə uyğun qərar qəbul edilməlidir. Sədarət Komitəsinin bu qərarı girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin məhkəmə hüququnun təmin edilməsinə dair AŞPA-da qərar qəbul olunması üçün mühüm addımdır.

Anspress.com