Bakıda sərnişin avtobusu dərəyə yuvarlandı

5 Oktyabr 2012 20:14 (UTC+04:00)
Bir neçə dəqiqə əvvəl metronun Memar Əcəmi stansiyasından Xırdalana işləyən 119 saylı sərnişin avtobusu ağır qəzaya uğrayıb. Biləcəri qəsəbəsindən Bakı-Sumqayıt yolu istiqamətinə hərəkət edən 10 TG 548 dövlət nömrə nişanlı iri tutumlu avtobus yol kənarındakı dərəyə düşüb. Hadisəyə səbəb avtobusun yüksək sürətlə idarə olunması və qarşısına başqa avtomobilin qəfil çıxması olub.

AzNews.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, xoşbəxtlikdən avtobusda sərnişin olmayıb. Hadisə vaxtı avtobusda sürücüdən başqa yalnız azyaşlı köməkçi olub. Sürücü xəsarət alıb və hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Qeyd edək ki, avtobusun aşması nəticəsində avtomobilin yanacaq çənində sızma baş verib və alışma təhlükəsi yaranıb. Lakin hadisə yerinə gələn Fövqəlada Hallar Nazirliyinin əməkdaşları təhlükəni aradan qaldırıblar. Hazırda hadisə yerinə Yol Polisi və ərazi üzrə Post Patrul Xidmətinin əməkdaşları cəlb olunublar. Araşdırma aparılır.

Azər
AzNews.az