Vinsent van Qoqun əsəri tapıldı – Türkiyədə (FOTOLAR)

7 Mart 2015 12:03 (UTC+04:00)


AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tokat əyalətində tapılan əsərin hollandiyalı rəssamın "Yetim Adamlar" seriyasından olan 37 əsərdən biri olduğu güman edilir.

Polis qaçaqçılıq yolu ilə ölkəyə keçirilən tarixi əsərin satışı ilə bağlı məlumat əldə edib. Əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli avtomobil saxlanılıb. Avtomobildə aparılan axtarışlar zamanı 44x64 santimetr ölçülərində olan yağlı boya ilə çəkilmiş əsər aşkarlanıb.

Rəsm əsərinin çərçivəsinin üzərindəki metalın üstündə isə "Vinsent van Qoq, Amsterdam, 1882" yazısı həkk olunub.

Arxa hissəsində isə "Vinsent van Qoq, 1882, Orphan Man, Standing" yazısının olduğunu görən polis əsəri incələnməsi üçün Gaziosmanpaşa Universitetinin Sənət Tarixi bölümünə göndərib.

İlkin incələmələr zamanı rəsmin tarixi əhəmiyyətli əsər olduğu müəyyən olunub. Mütəxəssislər rəsm əsərinin xüsusi üsulla çəkdiyini nəzərə alaraq təqlid olunma ehtimalını sıfıra endiriblər.



Bundan əlavə əsərin üzərində New York Metropolitan Muzeyinin möhürünün olduğu üçün sözügedən muzey nümayəndələri və Hollandiyadakı Vinsent van Qoq muzeyinin rəhbərləri ilə görüşlər keçiriləcək.