İrana müalicəyə gedənlərin DİQQƏTİNƏ

6 Oktyabr 2012 05:41 (UTC+04:00)


BMT Baş Katibi Pan Gi Mun İrandakı son vəziyyətlə bağlı hesabat hazırlayıb. Hesabatda baş katib sanksiyaların tətbiqi nəticəsində ölkədə iqtisadi və humanitar sahədə vəziyyətin kəskinləşdiyini vurğulayıb.

Pan Gi Munun hesabatında bildirilir ki, sanksiyalar inflyasiyanı artırıb, əhalinin yaşayış səviyyəsinə təsir göstərib, zəruri tələbat məhsullarının, o cümlədən dərman preparatlarının qıtlığına səbəb olub. "Hətta idxal əməliyyatları ilə bağlı xüsusi icazəsi olan şirkətlər də çətinliklərlə üzləşiblər, ödəmələri həyata keçirmək üçün üçüncü ölkə axtarışına çıxıblar" - deyə hesabatda vurğulanıb.

Maliyyə əməliyyatlarının aparılmaması ölkəyə dərman idxalında problemlər yaradıb ki, bu da xərçəng, ürək çatışmazlığı, skleroz kimi xəstəliklərin müalicəsinə təsir göstərir. Baş katib yaranmış vəziyyət nəticəsində ölkədə kütləvi etiraz aksiyalarının başladığını və humanitar vəziyyətdə yaxşılığa doğru dəyişikliyin olmadığını bildirib.

Qeyd edək ki, oktyabrın 15-dən etibarən Avropa İttifaqı İrandan qaz nəqlini dayandıra bilər. Bu isə ölkəni gəlirin böyük hissəsindən məhrum edəcək.

Alpər
AzNews.az