İctimai Palatanın mitinqinə kimlər qoşulacaq?

6 Oktyabr 2012 06:45 (UTC+04:00)


Xəbər verildiyi kimi İctimai Palata oktyabrın 13-də aksiya keçirmək qərarı verib. Mitinq yürüşün tələbi parlamentin buraxılması, yeni parlament seçkilərinin keçirilməsidır. Yürüş keçmiş Əzizbyov heykəlinin yanından Milli Məclisin önünə qədər keçirilməsi nəzərdə tutulur. Artıq, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinə də müraciət edilib. Bəs, görəsən, mitinqdə İctimai Palataya daxil olmayan partiyalar da iştirak edəcəkmi?

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev AzNews.az-a deyib ki, biz İctimai Palatanın mitinq keçirməyinə normal yanaşırıq: "Hər bir təşkilat kimi onların da mitinq keçirmək hüquq var. Biz partiya olaraq, həmin mitinqə qoşulmayacağıq. Amma bizim üzvlərimiz aksiyada iştirak edə bilərlər. Artıq bu, onların öz seçimidir".

Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan təmsil etdiyi partiyanın mitinqə qoşulmayacağını deyib: "Mitinqin keçirilməsinə normal yanaşırıq. İP siyasi təşkilat kimi öz hüquqlarından istifadə edir. Amma ALP həmin mitinqə qoşulmayacaq. Çünki bizə dəvət gəlməyib. Deməli, bu İP-ə məxsus bir aksiyadır".

Partiya sədri vurğulayıb ki, İP-lə əməkdaşlıq etməyə hazırdırlar: "Biz Məşvərət Məclisində təmsil olunuruq. Gərək İP-də bizimlə əməkdaşlıq etsin. Bu barədə İctimai Palataya müraciət də göndərmişik. Artıq, müraciəti göndərdiyimiz vaxtdan bir ay keçsə də, hələ də cavab verilməyib. Amma yaxın zamanlarda hər hansı bir cavab alacağıq. İstəyimiz odur ki, bütün təşkilatlar bir yerdə "Xalq Hərəkatı yaratsınlar. Belə olarsa, uğurla əməkdaşlıq edəcəyik".

Azərbaycan Milli İstiqlal Partiyasının sədri (AMİP) Yusif Bağırzadə bildirib ki, AMİP mitinqə qoşulmayacaq: "Bu, İctimai Palatanın keçirdiyi mitinqdir. Bizim partiya isə orada təmsil olunmur".

İlkin
AzNews.az