Prezident İlham Əliyev Vladimir Putini təbrik etdi

6 Oktyabr 2012 07:01 (UTC+04:00)
"Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. AzNews.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir:

"Əlamətdar yubileyiniz – anadan olmağınızın 60 illiyi münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu gün dost Rusiya Sizin rəhbərliyiniz altında cəmiyyət həyatının bütün sahələrinin təkmilləşdirilməsi və modernləşdirilməsi yolu ilə ardıcıl surətdə irəliləyir. Ölkənin beynəlxalq aləmdə artan nüfuzu, dünyada baş verən proseslərə münasibətdə onun fəal mövqeyi Sizin adınızla bağlıdır. Siz Azərbaycanla Rusiya arasında ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə və genişlənməsinə sanballı şəxsi töhfələr vermisiniz. Sevindirici haldır ki, bu münasibətlər keyfiyyətcə yeni inkişaf səviyyəsinə çatmışdır və indi strateji tərəfdaşlıq xarakteri daşıyır. Əminəm ki, bizim dövlətlərarası münasibətlərimiz, çoxsahəli əməkdaşlığımız və qarşılıqlı fəaliyyətimiz xalqlarımızın rifahı, Qafqazda sülh, sabitlik və təhlükəsizlik naminə bundan sonra da hərtərəfli və dinamik inkişaf edəcəkdir. Bizim aramızda yaranmış etimadı, dostluq münasibətlərini yüksək qiymətləndirirəm".

AzNews.az