Rusiya ilə Tacikistan hərbi baza məsələsində razılaşdı

6 Oktyabr 2012 07:21 (UTC+04:00)


Tacikistan prezidenti İmoməli Rəhmanın 60 illik yubileyinə qatılan Rusiya prezidenti Vladimir Putin 201-ci bazanın da taleyini həll edib. AzNews.az-ın interfax.ru saytına istinadən verdiyi xəbərə görə, tərəflər yeni müqavilə imzalayıblar. Müqaviləyə əsasən 201-ci baza 2042-ci ilə qədər Rusiyanın sərəncamında olacaq. Rusiya prezidenti çıxışında müqavilənin şərtlərindən razı qaldığını gizlətməyib.

O bildirib ki, 201-ci baza ortaq strateji maraqların qorunmasında, ümumiyyətlə isə mərkəzi Asiyada təhlükəsizlik və stabilliyin bərqərar edilməsində müstəsna rol oynayacaq.

Qeyd edək ki, Tacikistanda yerləşən 201-ci baza Rusiyanın xaricdə yerləşdirdiyi ən böyük hərbi poliqonlardan biri hesab edilir. Bazada 6 min rus əsgər və zabit heyəti xidmət aparır. O ki, qaldı baza üçün Rusiyanın ödədiyi məbləğə, bu məsələ ilə bağlı birmənalı fikir bildirilmir. Tacikistan mətbuatı icarə haqqının 250-300 milyon dollar arasında olması ilə bağlı məlumat yaysa da, Rusiya tərəfi bunu təkzib etmişdi.

Sadiq Musa
AzNews.az