Hacı Məmmədovun həbs olunduğu haqda xəbər yayıldı – 10 il öncə

11 Mart 2015 09:39 (UTC+04:00)


Tarixdə bu gün martın 11-də Xalq artisti, məşhur aktyor Bəşir Səfəroğlu anadan olub, Avropa Şurası Nazirlər Komitəsi erməni qüvvələrinin Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı zorakılıq və hücumlarını pisləyən bəyanat qəbul edib, Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq uzun müddət ölkədə adam oğurluğu və digər ağır cinayətlər törətmiş kriminal dəstənin ifşa olunması barədə məlumat yayıb.

1544 - Məşhur italyan şairi Torkvato Tasso (Torquato Tasso, 1544-1595) anadan olub.

1818 - Fransız əsilli rus baletmeysteri, tanınmış pedaqoq Marius İvanoviç Petipa (1818-1910) anadan olub.

1925 – Xalq artisti, məşhur aktyor Bəşir Səfəroğlu (1925 - 24.3.1969) anadan olub. 1942-ci ildən ömrünün sonunadək Azərbaycan Musiqili Komediya Teatrında işləyib, böyük tamaşaçı rəğbəti qazanan obrazlar yaradıb. "Azərbaycanfilm"in istehsal etdiyi "Əhməd haradadır?", "Ulduz" filmlərində, "Tacikfilm"in "Xoca Nəsrəddinin 12 qəbri" kinolentində çəkilib.

1926 - Rusiyanın Xalq artisti, aktyor Yevgeni Şutov (1926-1995) anadan olub.

1947 - Türkiyə Dünya Bankına üzv olub.

1978 - Fil Dişi Sahilli futbolçu, bi vaxtlar "Qalatasaray" futbol klubunda oynayan Didye Droqba anadan olub.

1985 - Mixail Qorbaçov Sovet İttifaqının lideri olub.

1990 - Litva dövlət müstəqilliyini bərpa edib.

1992 – Avropa Şurası Nazirlər Komitəsi erməni qüvvələrinin Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı zorakılıq və hücumlarını pisləyən bəyanat qəbul edib.

1992 – Azərbaycan Böyük Britaniya və Qvineya Respublikası ilə diplomatik münasibətlər qurub.

1999 – Avropa Parlamenti "Qafqazda sülh prosesinə dəstək" adlı qətnamə qəbul edib. Sənəddə ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı 1998-ci ilin noyabrında tərəflərə təqdim etdiyi "ümumi dövlət" planına dəstək ifadə olunub, Azərbaycanın bu planı rədd etməsi tənqid edilib. Milli Məclis qətnamənin qərəzli məqamlarına etiraz olaraq Avropa Parlamentinə müraciət (19 mart) göndərib.

2005 - Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq uzun müddət ölkədə adam oğurluğu və digər ağır cinayətlər törətmiş kriminal dəstənin ifşa olunması barədə məlumat yayıb. MTN-in martın 10-da həyata keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində cinayətkar dəstənin başçısı, DİN-in Cinayət-Axtarış Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Hacı Məmmədov və dəstənin üzvləri həbs olunub. "Qara kəmər" əməliyyatı uzun müddət bağlı qalmış bir sıra ağır cinayətlərin açılmasına kömək etdi. Prezident İlham Əliyevin sərəncamı ilə mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsində peşəkarlıq göstərdiklərinə görə MTN-in bir qrup əməkdaşı dövlət təltiflərinə layiq görüldü.

2011 - Yaponiyada son 300 ilin ən güclü zəlzələsi və ardınca dağıdıcı sunami baş verib.