Dələduz bankir oğlu azad edildi - Məhkəmədən qərar

11 Mart 2015 14:20 (UTC+04:00)


AzNews.az xəbər verir ki, İslam Yusifov vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı bir müddət əvvəl Xəzər Rayon Məhkəməsinə müraciət edib. İslam Yusifovun cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəza çəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsinə Xəzər Rayon Məhkəməsində baxılıb və qərar qəbul edilib. Onun ərizəsi təmin edilməyib.

Qərardan narazı qalan İslam Yusifov apelyasiya şikayəti verib. O, şikayətində göstərib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2010-cu il tarixli hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının 5 ilini çəkdiyini, qalan hissəsini isə məntəqə tipli cəza çəkmə müəssisəsində çəkilməsi barədə qərar qəbul edilməsini istəyib.

İslam Yusifovun şikayəti baxılması üçün Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun icraatına verilib. Martın 6-da keçirilən prosesdə İslam Yusifovun apelyasiya şikayəti təmin edilib və Xəzər Rayon Məhkəməsinin qərarı ləğv edilib. İslam Yusifovun azadlığa çıxması ilə bağlı qərar qəbul edilib. Həmin qərardan sonra İslam Yusifov dərhal azadlığa buraxılıb.

Qeyd edək ki, İslam Yusifov atasının başçılıq etdiyi 15 nəfərlik dəstədə mühakimə olunub. İstintaq sənədlərinə görə, "Texnikabank" Bakı filialının sabiq rəhbəri Zal Yusifov digər şəxslərlə birlikdə cinayət əməli törədib. O, 81 müştərinin banka qoyduğu təxminən 38 milyon manat pulu mənimsəyib.

Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edilib. Zal Yusifovun oğlu İslam Yusifovun isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Birinci məhkəmə instansiyası İslam Yusifovu atası ilə birlikdə əlbir olmaqda ittiham edib.

Ağır Cinayətlər Məhkəməsinin hökmündə qeyd olunub ki, Zal Yusifov vətəndaşlardan dələduzluq yolu ilə aldığı pullarda oğlu da iştirakçı olub. Bu iş üzrə zərərçəkmişlərə dəymiş ziyan ödənilməyib. Baş prokuror Zakir Qaralovun da göstərişi var ki, dələduzluq işlərində zərərçəkmişlərə dəymiş ziyan ödənilmədiyi halda təqsirləndirilən şəxs və ya məhkum vaxtından əvvəl azadlığa buraxıla bilməz. Həmçinin Baş prokuror qərarında qeyd edib ki, dələduzluq cinayətlərində təqsirli bilinənlərin amnistiyaya və əfv fərmanına düşməsi də mümkünsüzdür. Ali Məhkəmənin sədri Ramiz Rzayev də müsahibələrində, həmçinin məhkəmədə keçirilən kollegiya iclaslarında bildirib ki, dələduzluq işlərində məhkum olunan şəxslərin şərti cəza ilə və ya vaxtından əvvəl azadlığa buraxılmasına qanun yol vermir.

Buna baxmayaraq, 81 zərərçəkmişin ziyanı ödənilmədiyi halda İslam Yusifovun vaxtından əvvəl azadlığa buraxılması qanunsuzdur. Artıq məhkəmə qərarını qəbul edib. Bu səbəbdən Bakı Apelyasiya Məhkəməsi qəbul etdiyi qərarını şərh etmir. Amma bildirilib ki, qərardan tərəflərin Ali Məhkəməyə kasasiya şikayəti və protesti vermək hüququ var.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib ki, prokurorluq cinayət işi məhkəməyə göndərənə qədər məlumat yayır. Onun sözlərinə görə, iş məhkəməyə verilir, bu səbəbdən də qərarlara məhkəmə instansiyasının rəhbər şəxsləri münasibət bildirməlidir: "Zərərçəkmişlərə dəymiş ziyan ödənilmədən təqsirləndirilən şəxsin azadlığa buraxılması mümkünsüzdür".

Ali Məhkəmənin mətbuat xidmətinin rəhbəri Allahverdi Məmmədli bildirib ki, dələduzluq cinayətləri ilə məhkum olunan şəxslərin zərərçəkmişlərə dəymiş ziyanın ödənilmədiyi halda azadlığa buraxılması qanunsuzdur:
"İslam Yusifovla bağlı qərar qəbul edilməsini necə əsaslandırıblar, bu mənə məlum deyil. Amma yenə də zərərçəkmişlərə dəymiş ziyan ödənilmədiyi halda onun azadlığa buraxılması üçün ərizəsinin təmin olunması üçün əsas yoxdur. Həmin işlə tanış olmaq lazımdır. Bəlkə həmin şəxs öhdəlik götürüb ki, zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi üçün mülklərini satacaq və zərərçəkmişlərin ziyanını ödəyəcək. O, bununla bağlı da öhdəlik götürə bilər. Amma həmin şəxsin azadlığa buraxılmasının səbəbləri araşdırılmalıdır və bundan sonra nəticə barədə danışmaq olar. İş üzrə zərərçəkmişlərin həmin şəxsin azadlığa buraxılması ilə bağlı qərardan kassasiya şikayəti vermək hüquqi var. Bununla bağlı qərar qəbul edən məhkəməyə müraciət edə bilərlər və öz şikayətlərini təqdim etməlidirlər. Bildirməlidirlər ki, bu qədər dəymiş ziyan ödənilmədiyi halda hansı səbəbdən təqsirləndirilən şəxs azadlıqda gəzir".

Allahverdi Məmmədli onu da deyib ki, "Texnikabank" işi ilə bağlı Ali Məhkəmədə bir neçə dəfə işə baxılıb:
"Sonuncu dəfə də işin yenidən apelyasiya instansiyasında baxılması barədə qərar verilib. Həmin cinayət işi üzrə müsadirə olunan əmlaklar var. Həmin əmlakların satılması üçün hərraca çıxarılıb. Amma yekun qərar olmadığı üçün əmlakların satılması mümkün olmayıb".

Qeyd edək ki, Zal Yusifovun oğlundan əlavə cinayət işi üzrə təqsirləndirilən 14 nəfər müxtəlif müddətlərə cəzalandırılıb. Hökmdən narazı şəxslər apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov şikayəti təmin etməyib. Bundan sonra Zal Yusifovun atası Zakir Yusifov Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib və əmlaklarının geri qaytarılmasını istəyib. Ali Məhkəmənin sədri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün əmlaklarla bağlı hissəsinə yenidən baxılması barədə təqdimat verib.

Həmin təqdimata Bakı Apelyasiya Məhkəməsinin hakimi Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada baxılıb və təqdimatla bağlı şikayət təmin edilməyib. Ali Məhkəməyə müraciət olunsa da, həmin məhkəmədə işə baxan hakimlər şikayətin baxılmamış saxlanılması barədə qərar qəbul ediblər. Bundan sonra işə yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılıb.

Bu dəfə mülklərlə bağlı şikayətə Bakı Apelyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyev baxıb. Hakim zərərçəkmişlərə dəymiş ziyanı həmin mülklərin satılması ilə ödəniləcəyini nəzərə alıb və bu səbəbdən Zal Yusifovun iddiası təmin edilməyib.