“Bu xanım Azərbaycanı necə təmsil edəcək?” - Musiqili Teatrdan açıqlama

12 Mart 2015 10:41 (UTC+04:00)


Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu AzNews.az-a deyib ki, S.Axundova öz xahişi ilə işdən azad olunmaq haqqında ərizə yazıb: "Bu xanım teatrın Orkestr truppasının sıravi üzvlərindən biridir. Şəxsi mənafeyinə görə öz ölkəsində keçirilən nüfuzlu beynəlxalq tədbirdə iştirak etməkdən imtina edən bir şəxs başqa bir ölkədə Azərbaycanı necə təmsil edəcək? Düşünürük ki, Səbinə Axundova da bu möhtəşəm festival tədbirlərində öz sənət dostları ilə birlikdə olmalı idi".

S.Sədaqətoğlu onu da əlavə edib ki, Səbinə Axundovanın icazə istədiyi müddət Azərbaycanda Beynəlxalq "Muğam" Festivalının keçirildiyi günlərə təsadüf edir: "Azərbaycan Dövlət Musiqili Teatrının repertuarında olan Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" tamaşası mart ayının 15-də festival proqramı çərçivəsində nümayiş olunacaq. Məhz buna görə də Səbinə Axundovaya icazə verilməyib".

Qeyd edək ki, Azərbaycan Dövlət Musiqili Teatrının Orkestr Truppasının üzvü Səbinə Axundova bir necə gün bundan öncə ərizə yazaraq işdən ayrılıb.

O, istefa səbəbini teatrın direktoru Əliqismət Lalayevin martın 11-də Türkiyədə keçiriləcək konsertdə iştirak etmək üçün ona icazə verməməsilə əlaqələndirir.

Bahar RÜSTƏMLİ
AzNews.az