Bu aktyor 10-cu dəfə "Məşədi İbad" olacaq

12 Mart 2015 12:03 (UTC+04:00)

Teatrın mətbuat xidmətindən AzNews.az-a bildirilib ki, əməkdar artist Şövqi Hüseynov 10-cu dəfə Məşədi İbad obrazında tamaşaçıların qarşısına çıxacaq.



Ş. Hüseynov məhz Musiqili Teatrda "O olmasın, bu olsun" tamaşasındakı Məşədi İbad obrazının uğurlu ifasına görə Milli Teatr Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə" mükafatına layiq görülüb.

Ş. Hüseynovun oynadığı Məşədi İbad yeni və orijinal ifa tərzi ilə teatr ictimaiyyətinin rəğbətini qazanıb.

"Məhz Məşədi İbad kimi klassik və məsuliyyətli bir obrazın ifasına görə "Zirvə" mükafatına layiq görülməyim mənim üçün ikiqat əhəmiyyətə malikdir. Çox böyük həyəcan və sevinc içindəyəm. Nazir Əbülfəs Qarayev başda olmaqla Mədəniyyət və Turizm Nazirliyinə, Musiqili Teatrın direktoru Əliqismət Lalayevə, ustadım, tamaşanın rejissoru Cənnət xanım Səlimovaya minnətdarlığımı bildirirəm", - deyə Şövqi Hüseynov vurğulayıb.

Qeyd edək ki, "O olmasın, bu olsun" tamaşasının quruluşçu-rejissoru xalq artisti, "Şöhrət" ordenli Cənnət Səlimovadır.

Tamaşada milyonların sevimli gülüş ustası, xalq artisti, "Şöhrət" ordenli Afaq Bəşirqızı, əməkdar artistlər - Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar - Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları çıxış edirlər.

Bahar RÜSTƏMLİ
AzNews.az