İvanişvili NATO-nun diqqətini özünə çəkdi

6 Oktyabr 2012 16:26 (UTC+04:00)


"Gürcü arzusu" koalisiyasının lideri Bidzin İvanişvili ABŞ-ın Avropadakı hərbi dəniz qüvvələrinin komandanı general-leytenant Con Pakston və onun müavini Ceyms Omearla görüşüb. Görüşdə ABŞ-ın Gürcüstandakı səfiri Riçard Norland da iştirak edib.

AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, görüşdə əsas müzakirə mövzusu NATO ilə Gürcüstan arasında hərbi əməkdaşlıq olub. Pakston bildirib ki, Gürcüstan Amerikanın strateji tərəfdaşı olaraq qalır və çox istəyir ki, Gürcüstanda hakimiyyət problemsiz təhvil verilsin, yeni hökumətlə münasibətlər ən qısa müddətdə əvvəlki səviyyədə qurulsun.

Ivanişvili də öz növbəsində Gürcüstan ordusunun təkmilləşməsində ABŞ-ın müsbət roluna toxunub və bildirib ki, ordunun NATO standartlarına uyğunlaşdırılmasında bu ölkənin əvəzedilməz xidməti var. İvanişvili gürcü əsgər və zabitlərin NATO tərkibində dünyanın qaynar nöqtələrində birgə xidmət aparmasından məmnunluq ifadə edib və vurğulayıb ki, əməkdaşlığın saxlanılmasına çalışmaq lazımdır. Eyni zamanda yeni gürcü lider söz verib ki, o NATO-ya inteqrasiyasını sürətləndirmək üçün demokratik institutların yaradılmasına daha çox diqqət ayıracaq. "Mən əvvəlki hakimiyyətdən fərqli olaraq, demokratik institutların görüntüsünü yox, reallığını yaratmaq və NATO- ya inteqrasiyanı sürətləndirmək əzmindəyəm. Bunun üçün lazım olan nə varsa görüləcək".

Sadiq Musa
AzNews.az