Rihannanın konsertində şok anlar yaşandı – FOTOSESSİYA

6 Oktyabr 2012 21:35 (UTC+04:00)
Dünya şöhrətli müğənni Rihanna oktyabrın 6-da "Baku Crystal Hall"un möhtəşəm səhnəsində geniş konsert proqramı ilə çıxış edib. AzNews.az-ın məlumatına görə, Rihanna səhnəyə çıxana qədər tamaşaçılar ardıcıl olaraq şok anlar yaşayıb. Belə ki, konsert 16 yaşlı gənc müğənni Gültəkinin ifasıyla başlayıb. O, ingilis dilində bir neçə mahnı ifa edərək, tamaşaçıların marağına səbəb olub.

Daha sonra səhnəyə rəqs qrupu təşrif buyurub. Qrup maraqlı rəqs nömrəsiylə çıxış edib.

Qrupdan sonra "Baku Crystal Hall"un mərkəzində yerləşdirilən mini arenada DJ Maqnum xarici musiqilər səsləndirib. Təxminən bir saat çıxışın edən DJ-in performansı tamaşaçıları coşdurub.

Onu da qeyd edək ki, tamaşaçılar nə Gültəkinin, nə də DJ-in çıxışını gözləyib.

DJ Maqnumun müşayiətindən sonra əsas səhnədə "Natiq ritm qrupu"nun xüsusi hazırladıqları kompozisiya nümayiş olunub. Qrup "Bayatı-Şiraz" muğamından və Azərbaycan xalq mahnısı "Sarı Gəlin"dən parçalar ifa edib.

"Natiq ritm qrupu"nun çıxşı tam yekunlaşmamış hamı təəccüblü anlara şahid olublar. Beləliklə, səhnədə 23 yaşlı amerikalı müğənni Rihanna canlı performansıyla izləyənlərin böyük marağına və səs-küylü alqışlarına səbəb olub. Bir saatdan çox səhnədə olan müğənni repertuarında yer alan mahnılarını bir-birinin ardınca ifa edib.

Səhnədən birbaşa tamaşaçılarla ünsiyyət quran Rihanna son ifa etdiyi mahnısından sonra səhnədən enib. O, tamaşaçılarla əl-ələ salamlaşıb və səhnəarxasına keçib.

Qeyd edək ki, konsert Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin maliyyə dəstəyi, "Universal Music Group"un Azərbaycandakı nümayəndəsi olan "Omnikomo Music Group" şirkətinin təşkilatçılığı ilə baş tutub.

Fuad Mədətov
FOTO: Mahir Hüseynbəyli
AzNews.az