Novruz Festivalında iştirak edəcək ölkələrin adları açıqlandı - SİYAHI

13 Mart 2015 12:37 (UTC+04:00)


Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi öz ənənəsinə sadiq qalaraq cari ilin mart ayının 20-dən 23-dək II Beynəlxalq Novruz Festivalının keçirilməsini nəzərdə tutub.

İdarədən AZƏRTAC-a bildirilib ki, dörd gün davam edəcək festivalda Azərbaycanla yanaşı bu bayramı qeyd edən yeddi ölkənin - Türkiyə, Rusiya, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan nümayəndələri də iştirak edəcəklər.

Festival günlərində Qoşa qala qapısı meydanında "Meydan bazarı" təşkil olunacaq. Yerli və xarici ölkə nümayəndələrinin iştirak edəcəyi "Meydan bazarı"nda hər bir ölkənin mədəniyyətini əks etdirən video çarxlar, milli-tətbiqi sənət məhsulları, suvenirlər, açıqcalar, broşürlər, milli mətbəx nümunələri sərgilənəcək.

Novruz bayramı şənliklərində bir-birindən maraqlı çoxsaylı tədbirlər nəzərdə tutulub. Hər gün səhər saatlarından pəhləvanlar, pantomima artistləri, skripkaçılar, zurnaçılar, kəndirbaz və sehirbazlar öz məharətini göstərəcək, uşaq teatrının artistləri, bədii və tarixi personajlar, müxtəlif ölkələrin xalq və əfsanəvi qəhrəmanlarının canlı obrazları, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanlara əsl bayram əhval-ruhiyyəsi yaşadacaqlar. Festival çərçivəsində hər gün Qoşa qala qapısı meydanında, Qız qalası meydanında və Əliağa Vahidin heykəli qarşısında konsert proqramları keçiriləcək.

Bayram tədbirləri çərçivəsində İçərişəhərlə yanaşı 20-21 mart tarixlərində "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da həm uşaq, həm də böyüklər üçün rəngarəng konsert proqramı və müxtəlif oyunlarla dolu Novruz şənlikləri keçiriləcək. "Qala" Qoruğunda keçiriləcək Novruz tədbirləri ilə əlaqədar olaraq martın 20-21-də Qoşa qala qapıları qarşısından yola düşəcək nəqliyyat vasitələri festivalda iştirak etmək istəyən qonaqlara pulsuz xidmət göstərəcək.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi hamını II Beynəlxalq Novruz Bayramı festivalında iştirak etməyə dəvət edir.