XİN - Ermənistan danışıqlardan qaçır

7 Oktyabr 2012 11:57 (UTC+04:00)
Ermənistanın rəhbərliyi dünya ictimaiyyətini çaşdırmağa çalışır və cürbəcür hiylələrlə sülh prosesindən və Dağlıq Qarabağ münaqişəsinin nizama salmasından qaçmağa çalışır.

Trend-in məlumatına görə, bu sözləri şənbə günü Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elman Abdullayev, prezident Serj Sarkisyanın Reuters-ə müsahibəsində Azərbaycanı müharibəyə hazırlaşmasında ittiham etməsini şərh edərək bildirib.

"Azərbaycanın silahlı qüvvələri Ermənistanın ərazisində deyil, əksinə, erməni qoşunları Azərbaycanın ərazisindədir", - Abdullayev deyib. Onun sözlərinə görə, bu gün Ermənistan rəhbərliyi Azərbaycan xalqına qarşı cinayət törətmiş insanlardan ibarətdir.

"Dünya cəmiyyəti Ermənistanı təcavüzkar kimi tanıyır. Buna nümunə kimi bir çox beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələri gətirmək olar. Bu qətnamələr Ermənistanı təcavüzkar və işğalçı adlandırır və Azərbaycanın işğal edilmiş ərazilərini azad etməsinə çağırırlar", - o qeyd edib.

Abdullayevin sözlərinə görə, Ermənistan başqa dövlətin ərazisinin 20 faizini işğal altında saxlayır, və onun təcavüzkar hərəkətləri regionda sülh və təhlükəsizliyə birbaşa təhlükədir.

"Azərbaycan heç vaxt status-kvo ilə barışmayacaq, və öz ərazi bütövlüyünü və müstəqilliyini bərpa edəcək. Bunu Ermənistanda da başa düşürlər", - Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib. Abdullayevin sözlərinə görə, status-kvo həmçinin dünya ictimaiyyəti üçün qəbuledilməzdir və ATƏT-in Minsk qrupunun hamsədr ölkələri bunu dəfələrlə təsdiqləyiblər.

"Sarkisyanın bəyanatına gəlincə, bu, prezident seçkiləri ərəfəsində Ermənistanın və erməni diasporunun radikal və milliyətci dairələrinin dəstəyini əldə etmək üçün edilmiş populistik xarakterli bir bəyanatdır", - o bildirib.

AzNews.az