804 saxta diplom aşkarlandı
8 Oktyabr 2012 05:48 (UTC+04:00)
2004-cü ilin yanvarın 1-dən bu günədək Təhsil Nazirliyinə diplomlarının tanınması ilə bağlı 6982 müraciət daxil olub. Onların 804-ü ilə bağlı qeyri-qanuni fakt aşkarlanıb. APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov diplomlarının tanınması ilə bağlı yaradılmış yeni Elektron sistemin təqdimatında deyib.
Nazir bildirib ki, 26 saxta diplomun xarici ölkələrdən qeyri-qanuni əldə edilməsi sübuta yetirilib. Onun sözlərinə görə, Ekspert qrupu tərəfindən şəxsi işlərin müzakirəsi nəticəsində 5637 müraciət müsbət həll edilib və onların sahiblərinə müvafiq şəhadətlərin verilməsi haqqında qərarlar qəbul olunub.
Nazir qeyd edib ki, son illər ərzində ali təhsil almaq məqsədilə xarici ölkələrə gedən vətəndaşların sayı xeyli artıb. 2010-cu ildə diplomların tanınması ilə bağlı nazirliyə 1112, 2011-ci ildə 1234, 2012-ci ildə 1618 müraciət daxil olub: "Müraciətlərin daxil olması hazırda da davam edir. Bununla əlaqədar təhsil sənədlərinin tanınması işi üzrə sektor tərəfindən vətəndaşların müraciətinə baxılması üzrə elektron xidmətin göstərilməsi zərurəti yaranıb".
Nazir bildirib ki, bu gün də xaricdə təhsillə bağlı valideynləri aldatmaq istəyən müəyyən işbaz insanlar var. "Elə insanlar var ki, müxtəlif vasitələrlə valideynləri aldadırlar, ali məktəbə qəbulla bağlı sövdələşirlər. Sonradan məlum olur ki, həmin ali məktəb öz dövlətində tanınmır. Təbii ki, belə olduqda bizdə həmin diplomları Təhsil Nazirliyi tərəfindən tanımırıq".
AzNews.az