Spikerdən millət vəkilinə sərt reaksiya: “Sən papağını at”

17 Mart 2015 13:23 (UTC+04:00)


AzNews.az-ın məlumatına görə, çıxış edən millət vəkili Fazil Mustafa bugünkü iclasın ilaxır çərşənbəyə təsadüf etdiyini deyərək papaq atma adəti barədə danışıb və müəllimlərin sosial durumunun aşağı olmasına toxunub: "Papağa nəsə qoya biləcək əksər evlərin darvazaları, hasarları yüksək olduğu üçün onlara papaq atmaq olmur. Hasarı hündür olmayan evlərin sahibləri isə müəllimlərdir. Manatın devalvasiyasından sonra isə onların yaşayış səviyyəsi bir az da aşağı düşüb. Hökumət onlara cüzi də olsa, ümid vermir. Əhalinin bir çoxu banklardan dollarla kreditlər götürüb. Müəlimlərin maaşının artırılması ilə bağlı yanvarda verilən qərar isə hələ də icra olunmayıb".

Fazil Mustafa müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi məsələsinin də həll edilməli olduğunu deyib və əhalinin böyük əksəriyyətinin işsiz olduğunu vurğulayıb.

Spiker Oqtay Əsədov isə F. Mustafanın çıxışına reaksiya verib. O, papağın bacadan atıldığını deyib. "Əvvəllər papağı bacadan da atırdılar. Mən inanmıram ki, sən hansısa qapıya papaq atasan və sənin papağını boş qaytarsınlar. Sən rahat papağını at".