“Rektorun qızını döyən 2 qardaş 5 il həbs edilə bilər” – Vəkil

17 Mart 2015 17:20 (UTC+04:00)


Bunu AzNews.az-a vəkil Adəm Vəkilov deyib. Onun sözlərinə görə, Ülkər İsayeva olayında işin faktiki halları, yəni ekspert rəyləri, hadisə harada baş verib və s. olmalıdır: "Xuliqanlıq maddəsini də tövsiyyə edə bilərlər. Hadisə ictimai yerdə baş verib. Bu hal istintaq tərəfindən müəyyən edilməlidir və o, iki nəfər tərəfindən döyülübsə, bu fakt təsdiqini taparsa, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ilə cinayət işi açıla bilər. Belə olarsa, iki ilədək islah işləri və 5 ilədək azadlıqdan məhrum etmə cəzası göstərilir. Yəni bu, az ağır cinayətlər kateqoriyasına daxildir".

A.Məmmədovun fikrincə, cəmiyyətdə ictimai münasibətləri pozduğuna görə, şikayət verib- verməməsindən asılı olmayaraq, birbaşa prokurorun öz təşəbbüsü ilə cinayət işi açıla bilər: "Fakt odur ki, ictimai yerdə xuliqanlıq və ictimai münasibətlərin pozulması var. Bu 37-ci maddədə göstərilib".

A.Məmmədov onu da bildirib ki, Məmmədov qardaşları əvvəllər məhkum olunmayıbsa, istintaqdan yayınmayıblarsa, yaşayış yerləri bəllidirsə, istintaqa gəlirlərsə, təsir göstərmirlərsə, Bakı Apelyasiya Məhkəməsi Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlamalıdır: "Yox, əgər sadalanlar yoxdursa, o zaman məhkəmə qəti həbs çəzası verə bilər".

Qeyd edək ki, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayeva 09.03.2015-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində iki qardaş Zaur və Elin Məmmədov qardaşları tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalıb. Baş verənlərə görə, Azərbaycan Respublikası 222.2.1-ci maddəsi ilə çinayət işi açılıb.

Bahar RÜSTƏMLİ
AzNews.az