Xalq yazıçısı Mövlud Süleymanlının ad günüdü

18 Mart 2015 09:28 (UTC+04:00)


Tarixdə bu gün martın 18-də erməni silahlı dəstələri Xankəndi səmasında İranın "Herkules" təyyarəsini raketlə vurublar, təyyarədə olan 34 iranlı diplomat və ailə üzvləri həlak olub.

Xalq yazıçısı Mövlud Süleymanlı Qərbi Azərbaycanın Qızıl Şəfəq kəndində (Ermənistan SSR, Kalinino rayonu) anadan olub. "Köç" romanının, povest, pyes və ssenarilərin müəllifidir. Uzun illər Azərbaycan Dövlət Radiosuna rəhbərlik edib.

1842 - Məşhur fransız şairi, simvolizmin banilərindən biri Stefan Mallarme (Stéphane Mallarmé, 1842-1898) anadan olub.

1844 - Görkəmli rus bəstəkarı, dirijor, pedaqoq Nikolay Andreyeviç Rimski-Korsakov (1844-1908) anadan olub. ""Sadko", "Qar qız", "Motsart və Salyeri" operalarının müəllifidir.

1901 - Rusiya hökuməti imperiyanın mərkəzi vilayətlərindən Azərbaycan ərazisinə - Mil və Muğan düzlərinə 40 min kəndlinin köçürülməsi barədə qərar qəbul edib. Bu, imperiyanın milli əyalətlərdə həyata keçirdiyi ruslaşdırma siyasətinin tərkib hissəsi idi. Köçürülmə nəticəsində Azərbaycanın sözügedən bölgələrində onlarla rus yaşayış məntəqəsi yaranıb.

1913 - Məşhur fransız kinorejissoru Rene Kleman (René Clément, 1913-1996) anadan olub.

1916 - Şair Böyükağa Məmməd oğlu Qasımov (1916-1957) anadan olub.

1918 - Erməni quldur dəstələri Şamaxıda azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar həyata keçiriblər. Öldürülənlər arasında Rusiya I Dövlət Dumasının (1906-1907) deputatı Məmmədtağı Əliyev də var idi. Bir neçə gündən sonra azərbaycanlı əhaliyə qarşı qətliamlar İrəvandan Bakıyadək əksər bölgələri əhatə edib.

1927 - V Ümumazərbaycan sovetlər qurultayında sovet Azərbaycanının ikinci Konstitusiyası qəbul edilib. Həmin vaxtadək respublikanın siyasi, iqtisadi quruluşunda zorakı metodlarla həyata keçirilmiş dəyişikliklər yeni Konstitusiyaya salınıb.

1932 - Tanınmış Amerika nasiri, şair və ədəbiyyatşünas Con Apdayk (John Hoyer Updike) anadan olub.

1943 - Xalq yazıçısı Mövlud Süleymanlı Qərbi Azərbaycanın Qızıl Şəfəq kəndində (Ermənistan SSR, Kalinino rayonu) anadan olub. "Köç" romanının, povest, pyes və ssenarilərin müəllifidir. Uzun illər Azərbaycan Dövlət Radiosuna rəhbərlik edib.

1959 - Dünya şöhrətli fransız kinorejissoru, senarist, prodüser Lük Besson (Luc Besson) anadan olub. "Onun adı Nikita idi", "Leon", "Janna D’Ark" və s. məşhur filmlərin rejissorudur.

1992 - BMT baş katibinin xüsusi nümayəndəsi Sayrus Vens Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətlə tanış olmaq üçün Bakıya gəlib. BMT rəsmisi Bakıdan sonra Yerevan və Xankəndiyə səfər edib.

1994 - Erməni silahlı dəstələri Xankəndi səmasında İranın "Herkules" təyyarəsini raketlə vurublar. Təyyarədə olan 34 iranlı diplomat və ailə üzvləri həlak olublar.