Bir yerdə kütlə olmayaq!

8 Oktyabr 2012 07:46 (UTC+04:00)


Yazını "Kütlə və hakimiyyət"in müəllifi Elias Kanettinin sözləri ilə başlamaq istərdim: "Bunların hamısı çoxdan deyilib. Heç kəs dinləmədiyindən, bir daha təkrarlamağa ehtiyac var".

Mən müəllim deyiləm, həkim də deyiləm, Tofiq Abdin demiş, mənim şirkətim yoxdur. Mənim mağazam yoxdur. Mən rüşvət almıram, heç verən də yoxdur. Yazmaqdan başqa əlimdən heç nə gəlmir.

Desəm yazaram, yekə çıxar. Müəyyən bir etika içərisində, çərçivəyə gəlməyən yazılar yazıram.
Gün ərzində aktyor, dost, dayə, məşqçi, mesenat, taksi sürücüsü, mikrofontutan, psixoloq, valideyn, siyasətçi, səbir kasası oluram. Bu əvəzsiz təcrübəyə görə kimə borclu olduğumu da bilmirəm.

Məni heç vaxt özüm maraqlandırmayıb, məni oxucu maraqlandırıb. Bilirəm ki, oxucu artıq süni bədiiləşdirməni sevmir, oxucu uzunçuluqdan bezib. İndi isə oxucu "təmiz söhbət" istəyir.
Kütlə barədə geninə-boluna yazılıb. Qüstav Lebon bu mövzunu tədqiqata çevirdiyi vaxtdan keçən 150 ilin yalnız 50 ilində daha çox kütlədən yox, ictimaiyyətdən danışırlar. Bu mövzunu isə ilk dəfə "publika" adı ilə 120 il əvvəl başqa bir fransız - Qabriel Tard tədqiq edib. Bunu Məmməd Süleymanovdan oxumuşam.
Publisistlərin rolu dayanmadan artır. Onlar ictimai rəy yaradır.
Mən isə gəzən paradoksam.
Məni dinləyən olanda ucadan danışıram.

Auditoriyamı sevirəm. Onları idarə etməyi, fikir yönəltməyi xoşlayıram.
Maddi rifah dalınca qaçan deyiləm, tənbələm. Amma xəzinə tapacağıma da inanıram.
Döyüşçüyəm. Xurafat, neqativlik, qorxu, ikiüzlülük, cəhalətlə döyüşürəm.
Xoşbəxtəm. Çünki oxucum, auditoriyam var.
Con Şlatterin məqaləsində deyildiyi kimi…
Mən, sual verməklə gənc afinalıların beynində yeni ideyalar yaradan Sokrat deyiləm ki…
Mən, Yer üzünün sirlərini Helen Kellerin (anadangəlmə eşitmə və görmə qüsuru olan amerikan yazıçı) uzatdığı ovcuna taqqıldatmaqla öyrədən Enn Salliven (onun müəlliməsi) də deyiləm…

Mən saysız hesabsız, təmsil və nağıllarla həqiqəti deməyə çalışan Ezop və Hans Kristian deyiləm…
Mən, meyvə daşınması üçün istifadə olunan qutuların taxtalarında xalqına kollec tikən Meri Makleod Betyun deyiləm…

Mən, Buker, Konfutsi, Ralf Uoldo Emerson, Leo Buskalya deyiləm…
Mən yazaram. Və heç şübhəsiz, yazılar yazmasam heç kim heç nə itirmir.
Həm də elə bir dövrdür ki, Şekspir zühur edib, yazsa da, bizim saytların şərh bölümündə ona da "mız" qoyacaqlar.
Bu saytın oxucuları ilə ilk görüşümüzdür. Razılaşmaya görə, yazmalıyam. Yazmağa mövzu saysız-hesabsız…

Misal üçün, parklardakı skamyalara və ağaclara anadan olduğu kənddən başlayaraq, Bakıya gəlib çatan qədər keçilən bütün marşrutu yazmaq, ağaca adın baş hərfini bıçaqla qazmaq, yeni təmirdən çıxmış beton divara və ya tavana ayaqqabı ilə iz qoymaq, qəzet və dərgilərdəki şəkillərə bığ-saqqal çəkmək, avtobus oturacaqlarını cırmaq, yazı yazmaq, telefon nömrəsini həkk etmək, divarda reklam və elan afişalarını cırmaq "xəstəliyi"nin mənbəyinin haradan qaynaqlandığını tapmaq lazımdır. Ciddi məsələdir. Şəxsən mən belə hesab edirəm ki, bunu normal insan öz vətənində etməz. Öz dövlətinə bu qədər ziyan vurmaq, gəmiricilik, dağıdıcılıq telləri bu qədər qabarıq büruzə verməyin izahını başqa cür verə bilmirəm. Başqa arqumentiniz olacaqsa bölüşərik.

Baxın, avtomobilə at, eşşək, it, canavar səslərini qoşub gecə vaxtı siqnal vermək nə ilə əlaqəli ola bilər? Mənim qənaətimə görə, yalnız həmin heyvanlarla genetik bağlılıq və ötürülən kodlarla bağlı ola bilər. Və yaxud mobil telefonla ictimai yerdə qışqıra-qışqıra (anqıraraq) danışmaq, mobil telefona az qala bir toyda səslənən bütün musiqiləri köçürmək və onu ətrafdakılara zorən eşitdirmək normal insana xas xüsusiyyət deyil. Bunun, hansısa heyvandan yoluxmuş xəstəliklə əlaqəsinin olması ehtimalı var.

Və yaxud yolda qırmızı işıqda gözləyən maşının yerindən tərpənməsinə işarə məqsədilə siqnal verməyin mahiyyətini anlamaq çətindir. Yolda hansısa tanışı görəndə ona salam əvəzinə siqnal vermək və ya guya zarafatla, özü də böyük sürətlə üstünə maşın sürmək anormallıq deyil, nədir?
Bunu yazıb, dərdimizi paylaşmalıyıq da.

Bu millət ki, qara pişiyin yoldan keçməsinə, gecə vaxtı dırnaq tutmağa, ev süpürməyə qorxu ilə yanaşır, bundan başqa, "qaşıq düşəndə qonaq gəlir", "gecə vaxtı güzgüyə baxmazlar", "vələsdən beşik düzəltməzlər", "qəbristanlığı əl ilə göstərməzlər", "dırnağı küçəyə atmaq günah hesab edilir", "yuxuda toy görsən, yas olar", "süfrəyə duz dağılanda evə dava düşür", "stəkanda çay çöpü dik dayananda qonaq gələr" deyimlərinə hələ də inanır, onda cadukünün, ekstra-fırıldaqçının, baxıcının meydan sulamasında qeyri-adi heç nə axtarmaq lazım deyil. Yazıq fatmanisələr, tükəzbanlar!

Xatırlayırsınızsa, iki-üç il əvvələ bir astroloq gecələr dolamışdı bu avamları barmağına. Studiyaya zəng olurdu: "İt ilinin qaz bürcündənəm, oğlum dana, qızım ördəkdir, onlara baxardınız", ya da "səhər saat 5-ə işləmiş doğulmuşam, deyirlər ayağım ruzilidir. Nə deyərdiniz?". Yəni, bu sayaq suallar kifayət qədər idi. Əlbəttə, astroloq yaxşı bilirdi ki, ağıllı adam ona zəng eləməz. Zəng edibsə, deməli, avamdı və onu aldatmağa nə var ki? Bundan necə yazmayaq?
Şəxsi fikirlərimdir. Hesab edirəm ki, bu tip şeylərə inanan insanın ərinin beli ağrıyacaq, arvadı doğmayacaq, qardaşının biznesdə "əli gətirməyəcək", atası rəhmətə gedəcək, hələ bir az da o tərəfə keçəcək. Ay bədbəxt, biznesdə işin düz gətirmirsə, get başqa işlə məşğul ol, inək otar, qoyun sağ. Əgər belində, qarnında, başında ağrı varsa, həkimə müraciət elə. Günah işlətməyin az deyil, hələ özünü də biabır edirsən, bu da az deyilmiş kimi, kontur da xərcləyirsən. Heç adam da ərini efirdə axtarar, ekstrasensin köməyinə ehtiyac duyar? Get güzgüdə özünə bax, ay arvad, problemi özündə axtar.

Aldığı televizorun kreditini verə bilməyən kişinin oğlunun ən bahalı telefon gəzdirməsini anlamaq mümkündürmü?

Niyə televiziyalarda intellektual verilişlər bağlanıb? Sponsor yoxdur? Bəlkə artıq səviyyəmiz çatmır?!
Niyə gənclər özlərini Polad Ələmdara oxşatmağa çalışırlar? Oğlan tanıyıram ki, saç düzümünü, kostyumunu, ayaqqabısını Poladsayağı seçir. Söhbət əsnasında ondan sitat gətirirlər. Elə isə, bəlkə fikirləşək? Polad Ələmdara baxıb təhsil almaq mümkündürmü?

Bəli, bayaq dediyimiz 150 il öncəki dövrdə kitab və qəzetlərin yaranması ictimaiyyəti formalaşdırdı. Çoxlu fərdlər evindən çıxmayaraq oxumağa başladı və oxuduqca da oxşar hisslər keçirdi. Axı dövrü mətbuat hamı üçün eyni olan problemləri əhatə edirdi.

Tardın vaxtında TV və internet yox idi. Odur ki, bizim illərimizdə ictimaiyyət mövzusu daha aktual və genişdir.

İctimaiyyətin yaranması daha böyük əqli və ictimai inkişaf tələb edir, nəinki kütlənin formalaşması. Kütlə meydan və küçələrdədir. İctimaiyyət isə hər yerdədir.
Lider kütləyə daha emosional və tez təsir edir, ancaq bu təsirin müddəti qısa ola bilər. Publisistin ictimaiyyətə təsiri isə daha uzunömürlüdür.
Əgər öz xarakteristikasına görə, kütlə dəyişməzdirsə, ictimaiyyət əksinə, dəyişməyə meyllidir. Əsas məsələ ondadır ki, onu qəzet, TV və kitablar nə ilə təmin edir? Bundan asılı olaraq ictimaiyyətin hansı istiqamətdə fəaliyyət göstərəcəyi bəlli olacaq.
Nə deyirsiniz, başlayaq? İcazə verirsiniz?
Bir yerdə kütlə olmayaq!