Prezident avtomobil yollarının qorunması ilə bağlı sərəncam verdi

19 Mart 2015 09:00 (UTC+04:00)


AzNews.az-ın məlumatına görə, sərəncamda aşağıdakı göstərişlər əksini tapıb:

1. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyindəki "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə birlikdə:

1.1. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması hallarının müəyyənləşdirilməsi üçün ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarında bu Sərəncamın 2.1-ci bəndinə uyğun olaraq müəyyən edilmiş yerlərdə yol örtüyünün altında hərəkətdə olan nəqliyyat vasitəsinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) yerləşdirilməsini təmin etsin;

1.2. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələbləri pozan şəxslər və hərəkətdə olan belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri barədə məlumatların, habelə həmin nəqliyyat vasitələrinin foto və ya video görüntülərinin, inzibati xəta haqqında elektron protokolun tərtib edilməsi məqsədi ilə, real vaxt rejimində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülməsi üçün yol örtüyünün altında yerləşdirilmiş texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) həmin informasiya sisteminə qoşulmasını təmin etsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. hərəkətdə olan nəqliyyat vasitəsinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarında quraşdırılması nəzərdə tutulan yerlərin siyahısını, həmin texniki vasitələrin quraşdırılma müddətlərini və mərhələlərini iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətalar haqqında elektron protokolun tərtib olunması və həmin inzibati xətalara dair işlər üzrə icraatın aparılması qaydasını tənzimləyən qanunun layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.