Hüquq müdafiəçiləri Elşad Abdullayevlə görüşdü

8 Oktyabr 2012 10:11 (UTC+04:00)
Hüquq Müdafiə Təşkilatları Monitorinq Komitəsinin üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı və digər hüquq müdafiəçiləri Avropa Şurası Parlament Assambleyası (AŞPA) Strasburqda keçirilən payız sessiyasında iştirak ediblər.

APA-nın məlumatına görə, bununla bağlı keçirilən tədbirdə çıxış edən hüquq müdafiəçisi Səidə Qocamanlı AŞPA-nın payız sessiyasının gündəliyində Ramil Səfərovla bağlı məsələnin müzakirə olunduğunu deyib: "Həmin müzakirələr Azərbaycanın xeyrinə oldu. Çünki Ramil Səfərov məsələsi ilə paralel olaraq Dağlıq Qarabağ və Xocalı məsələsi də gündəmə gəldi. Biz orada AŞPA-nın siyasi məhbuslar üzrə həmməruzəçisi Kristof Ştrasserlə görüşdük. Keçən iclasda Ştrasser Azərbaycandan 85 nəfərlik siyahı təqdim etmişdi. Biz o siyahının üzərində işlədik. Çünki orada elə adamların adı var ki, onlar artıq azadlıqdadır. Bununla bağlı təkliflərimizi göndərmişdik. Bizə bildilər ki, bu təkliflər çox faydalı olub". Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə bildirib ki, iclasdakı müzakirələr zamanı digər ölkələrdə də siyasi məhbusların olduğu məlum olub: "Bizim bununla bağlı apardığımız təbliğatlar nəticəsində digər ölkələrdə də siyasi məhbusların olduğu ortaya çıxdı. Bu bizim uğurumuz kimi qiymətləndirilə bilər. Orada görüşdüyümüz hər kəsə Nigar Yaqublunun, Hilal Məmmədovun, Zaur Qurbanlının məsələsini demişik".

Hüquq müdafiəçisi Səadət Bənənyarlı isə Strasburqda olarkən hazırda fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə görüşdüklərini bildirib: "O bizimlə görüşməyə çox can atırdı. Biz də orada yaşayan Elnur Məcidlinin vasitəsi ilə Elşad Abdullayevlə görüşdük. Həmin görüşdə Elşad Abdullayev bir çox məsələlərdən danışdı. Biz də bildirdik kİ, həmin məsələləri güc strukturları araşdırır. Biz yalnız ona qardaşının məsələsi ilə bağlı kömək edə biləcəyimizi dedik. Yəni onun qardaşının itkin düşməsi ilə bağlı prokurorluğa müraciət edə bilərik ki, görək bu adam haradadır. Başqa məsələlərə isə qarışmırıq. Görüşdə Çingiz Qənizadə də iştirak edirdi. Onların dialoqu çox sərt keçirdi. Hesab edirəm ki, bununla bağlı Çingiz Qənizadə özü açıqlama versə daha yaxşı olar".

Hüquq müdafiəçiləri bildiriblər ki, deputat Gülər Əhmədova və Elşad Abdullayevlə bağlı yayılan video material Avropada da nəzarətdədir: "Həmin məsələ Azərbaycanın imicinə mənfi təsir göstərir. Lakin onlar hələlik bu məsələlərə qarışmırlar. Sonda bununla bağlı öz fikirlərini bildirəcəklər".

AzNews.az