Hərbi ekspert: “Yaxın vaxtlarda da heç nə gözlənilmir”

8 Oktyabr 2012 10:19 (UTC+04:00)


"Regionda vəziyyətin daim gərgin olmasında maraqlı olan kifayət qədər qüvvələr mövcuddur. Həm Cənubi Qafqaz regionu, həm də birbaşa hədəf seçilmiş İran və digər dövlətlər zaman-zaman kimlər üçünsə bir təzyiq obyekti olub. Yəni həmin siyasətçilər öz hakimiyyətləri dövründə bu kartlardan maksimum yararlanmağa çalışıblar".

Bu sözləri AzNews.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, İran Qərbin gözündə çox qorxulu bir röyaya çevrilməkdədir: "Onların imkanları və cürətləri olsaydı, çoxdan İranla məsələni çözərdilər. Amma göründüyü kimi onlar böyük tərəddüdlər içindədirlər. Qərb ekspertləri deyirlər ki, İran nə Suriya, nə Tunis, nə də İraqdır. Ona görə də onlar görüntü yaradırlar ki, guya, İrana qarşı nə isə etmək istəyirlər. Görünən mənzərə ondan ibarətdir ki, ortalıqda heç nə yoxdur və yaxın vaxtlarda da heç nə gözlənilmir".

Ekspert əlavə edib ki, qərb dövlətləri bacardıqları qədər İrana qarşı hansısa əməliyyatlarda Azərbaycanın da adını müxtəlif rakurslarda hallandırırlar: "Təəssüflər olsun ki, İran tərəfi də bəzən bu cür qeyri-ciddi fikirlərə sərt reaksiya verir. İranda da başa düşürlər ki, İsrail Azərbaycanla nə qədər yaxındırsa, İran ondan da yaxındır. Ona görə də maraqlı qüvvə kimi bəzən biz ölkəmizdə olan gərginliklərdə həm İranın, həm də Qərbin rolunun olması haqqında düşünməli oluruq".

Ü.Cəfərov qeyd edib ki, Təhsil Nazirliyinin qarşısında keçirilən mitinqi İranla bağlamaq düzgün deyil: "Qərbin İrana tətbiq etdiyi və etmək istədiyi siyasətdə Azərbaycan son dərəcə ağıllı və uzaqgörən mövqe nümayiş etdirməlidir. Bir sözlə, ən yaxşı variant kimi, ümumiyyətlə İran ətrafında olan gərginliyin dinc və sakit məcrada başa çatması üçün bacardığımız köməkliyi göstərməliyik".

İlkin
AzNews.az