Azərbaycanın reytinqini artıracaq sənəd

8 Oktyabr 2012 10:20 (UTC+04:00)
Bu gün Bakıda "Təsərrüfat cəmiyyətlərində korporativ idarəetmənin qiymətləndirilməsi üzrə Metodologiya"nın təqdimat mərasimi keçirilib. İqtisadi İnkişaf Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyasının təşkilatçılığı ilə keçirilən mərasimdə beynəlxalq ekspertlər, aidiyyəti dövlət orqanlarının, Sahibkarlar Konfederasiyasının nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak edib.

İİN-nin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə metodologiya barədə məlumat verərək bildirib ki, sənəd şirkətlər tərəfindən Korporativ standartların tətbiqinin genişləndirilməsi, korporativ idarəetmə səviyyəsinin qiymətləndirilməsi məqsədilə hazırlanıb.

Tədbirdə Beynəlxalq Maliyyə Korporasiyasının Avropa və Orta Asiya üzrə proqram meneceri Oliver Orton, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin Cənubi Qafqaz üzrə direktor müavini Matias Feldman çıxış edərək, sözügedən sənədin tətbiqinin əhəmiyyətinin vurğulayıblar.

Mütəxəssislərin sözlərinə görə, metodologiyanın tətbiqi Azərbaycanın beynəlxalq reytinqinin artmasına səbəb olacaq.

Elnarə Əlosmanqızı
AzNews.az