Lənkəranda “Yaşıllaşdırma aylığı” - FOTOLAR

23 Mart 2015 16:39 (UTC+04:00)


AzNews.az xəbər verir ki, sakinlər tərəfindən razılıqla qarşılanan bu kampaniyalar zamanı Lənkəran şəhərinin park və bağlarında, yaşayış massivlərində, küçə və meydanlarda, magistral yollarda, xüsusilə yeni asfaltlanmış yollar boyunca, qəsəbə və kəndlərdə, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin ərazilərində on minlərlə müxtəlif növ ağac və gül kolları əkilir, yeni yaşıllıqlar salınır. Təkcə 2014-cü ildə rayonda 53 mindən çox ağac və gül kolları əkilib.

Lənkəran rayonu Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən "Ümumrespublika Yaşıllaşdırma" marafonuna birincilər cərgəsində qoşulmuş və bu nəcib təşəbbüsə dəstək olaraq hələ ötən il rayonda 10 mindən çox ağac əkilib, becərmə və suvarva tədbirləri həyata keçirilib.

Eyni zamanda, İDEA İctimai Birliyinin yaz mövsümü ilə əlaqədar keçirilən "Ümumrespublika Yaşıllaşdırma" marafonunun ikinci mərhələsi Lənkəranda da uğurla icra edilir. Bu marafon çərçivəsində 35 mindən çox ağac əkiləcək. Hətta havaların əlverişsiz keçməsinə baxmayaraq kütləvi ağac əkini mütəşəkkil şəkildə davam etdirilir.


Aksiyada İcra Aparatının işçiləri, rayonun idarə, müəssisə və təşkilatlarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin əmək kollektivləri və ictimaiyyət nümayəndələri fəal iştirak edirlər.

Ağacəkmə aksiyası əhali arasında böyük razılıq hissi ilə qarşılanıb.

Sərhad Məmmədov (Lənkəran rayon Ağsaqqallar Şurasının sədr müavini, Gərmətük qəsəbə sakini): "Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən ağacəkmə aksiyası bizi ürəkdən sevindirir. Yaşımın 80-i haqlamasına baxmayaraq, mən də bu xeyirxah təşəbbüsə fəal qoşulmuşam. Həm ötən ilin payızında, həm də bu bahar günlərində Bakı-Astara magistral yolunun Gərmətük qəsəbə tam orta məktəbinin yerləşdiyi ərazisində bir neçə ağac əkmişəm. Yaşıllaşdırma ekologiyamızın qorunmasında mühüm əhəmiyyət kəsb edir. Mən bundan sonra da belə aksiyalarda fəal iştirak edəcəyəm".

Surxay Əliyev (Lənkəran rayonu, Səpnəkəran kənd sakini): "Bugünkü ağacəkmə aksiyasında nümayəndəliyimizin və yerli bələdiyyənin üzvləri ilə yanaşı, kəndimizin bir qrup sakinləri də ruh yüksəkliyi ilə iştirak edirlər. Biz Bakı-Astara magistral yolunun Səpnəkəran kəndi ərazisində xeyli miqdarda müxtəlif növ ağaclar əkmişik. Bu xeyirxah təşəbbüsün – ağacəkmənin, yaşıllıqların əhəmiyyəti barədə, xüsusilə məktəblərdə maarifləndirmə xarakterli təbliğatların aparılması olduqca vacibdir. Biz bu istiqamətdə ərazimizdə lazımi təbliğat işlərini genişləndirəcəyik".

Ramazan Rəhimov (Hirkan qəsəb sakini, təqaüddə olan tibb işçisi): "Məhz yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq, insanları ağac əkilməsinə təşviq etmək və ətraf mühitin mühafizəsini daha yüksək səviyyədə təşkil etmək məqsədilə Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlayan ağacəkmə aksiyası hamı kimi biz yaşlı nəslin üzvləri tərəfindən də böyük sevinclə qarşılanıb. Biz də bu aksiyada fəallıq göstərərək Hirkan Milli Parkının yerləşdiyi magistral yolun ərazisində çoxlu sayda ağac əkmişik. Yaşıllıq təmiz hava, ekoloji durumun saflığı deməkdir. Bu mühüm amili hamılıqla mühafizə etmək, dəyərləndirmək lazımdır. Hərəyə bir ağac əksək ətraf gülüstana çevrilər".

Hazırda eyni zamanda Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun 20 fevral 2015-ci il tarixli sərəncamı ilə Lənkəranda "Yaşıllaşdırma aylığı" kampaniyası da mütəşəkkil davam edir. Aylıq çərçivəsində dəmirağacı, palıd, sərv, eldar şamı, çinar, palma, akasiya və s. ağac növlərinin əkilməsi nəzərdə tutulub.

Ümumiyyətlə, Lənkəran Şəhər İcra Hakimiyyəti rayonun mədəni-quruculuq işlərinin tərkib hissəsi olan sağlam ekoloji mühitin yaradılması, yaşıllıqların salınması ilə bağlı cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrasını özünün ümdə vəzifəsi hesab edir və bu istiqamətdə lazımi tədbirləri müntəzəm olaraq həyata keçirir. Eyni zamanda, Heydər Əliyev Fondunun təşəbbüsü ilə müxtəlif sahələr üzrə təşkil olunan tədbirlər, xüsusilə Leyla xanım Əliyevanın humanist və ibrətamiz təşəbbüsləri bütün dünyada, o cümlədən ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da yüksək siyasi fəallıqla qarşılanır, icrasından ötrü əməli işlər görülür və bundan sonra da bu işlər davam etdiriləcəkdir.