“Azərbaycan uşaqları erməni snayperlərinin hədəfinə çevrilir“

27 Mart 2015 11:10 (UTC+04:00)


AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, iclasda BMT-nin baş katibi Pan Gi Mun, BMT-nin uşaqlara və silahlı münaqişələrə dair məsələlər üzrə xüsusi nümayəndəsi Leyla Zaruqi, BMT Uşaq Fondunun icraçı direktorunun müavini Yoka Brandt, habelə NATO-nun baş katibinin köməkçisi Stiven Evans iştirak ediblər.

Mövzu üzrə müzakirələrə 79 dövlətin nümayəndələri qatılıblar. Azərbaycanın nümayəndə heyəti iclasda bəyanatla çıxış edib.

Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin müşaviri Hüsniyyə Məmmədova çıxışında bildirib ki, uşaqlar əvvəlki kimi yenə də silahlı münaqişələr zamanı ən çox zərər çəkən qruplardan biridir. Azərbaycan nümayəndəsi məlumat verib ki, atəşkəs sazişinə məhəl qoymayan Ermənistan müntəzəm olaraq rejimi pozur və Azərbaycan uşaqları atəşlərin qurbanına, erməni snayperlərinin hədəfinə çevrilirlər. Diplomat uşaq hüquqlarının pozulmasında təqsirkar olanların məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayıb, habelə Təhlükəsizlik Şurasını köçkün uşaqlara xüsusi diqqət yetirməyə, onların doğma yurdlarına qayıtmaq hüququnu bərpa etməyə çağırıb.

Qeyd olunub ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon 1992-1994-cü illərdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, nəticədə 650 min nəfərdən çox azərbaycanlı öz torpaqlarından qovulub. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə erməni təcavüzünü pisləyən və Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. 1994-cü ilin mayında atəşkəs rejimi haqqında saziş imzalandıqdan sonra Ermənistan silahlı qüvvələri sazişi müntəzəm surətdə pozublar. Artıq məlum olduğu kimi, işğal edilmiş Qarabağ ətrafında və Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca qoşunların təmas xəttində yerləşən Azərbaycan kəndlərinin atəşə tutulması nəticəsində həlak olmuş dinc əhali arasında uşaqlar da var. Məsələn, 2011-ci il martın 8-də Ağdam rayonunun Orta Qərvənd kəndinin 9 yaşlı sakini Fariz Bədəlov Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində həlak olub. Bu, 1992-ci ildə Malıbəyli və Quşçular, Qaradağlı, Xocalı və Ağdabanda qadınlara və uşaqlara qarşı Ermənistanın həyata keçirdiyi təcavüzkarlıq siyasətinin davamıdır.