Xalq artisti: “Zeynəb Xanlarova fəxri adlardan imtina etməlidir”

8 Oktyabr 2012 18:01 (UTC+04:00)

Xalq artisti Zaur Rzayevin AzNews.az-a müsahibəsi:

- Sizi efirdən çox əsgərlər qarşısında görürük?

- 1995-ci ildən Müdafiə Nazirliyində çalışıram. Nazirlikdə fəaliyyət göstərən hərbi orkestrin bədii rəhbəriyəm. Əsasən xalq və vətənpərvərlik ruhunda yazılan mahnıları təbliğ edirəm.

- Xalq artisti Aygün Kazımova, Faiq Ağayev də hərbi formada, vətənpərvərlik ruhda mahnılar ifa edirlər, hətta kliplər çəkdirirlər...

- Hərbi forma geyinmək şərt deyil. Şərt içdən gələn duyğudur.

- Aygün Kazımova, Faiq Ağayev, Tünzalə Ağayeva, Azərin... Bunların hansı içdən oxuyur?

- Azərin. Tünzalə Ağayevaya yüksək qiymət verirəm.

- Bəs, Aygün Kazımova?

- O, bir növ diskoteka şəkilində oxuyur. Aygün gözəl müğənnidir. Amma vətən haqqında oxumaq üçün təpədən dırnağa kimi vətənlə qaynamalısan, vətənpərvər olmalısan. Vətənpərvərlik ruhunda olan mahnıları klip halına salıb eybəcərləşdirmək də olmaz. Sənin səsin və aktyorluğun işindəki həyəcanla bir yerdə qaynamalıdır. Tankın üstünə çıxmaq, orada cürbəcür hərəkətlər etmək vətənpərvərlik demək deyil.

- Amma bu adamlar fəxri adlar alıblar...

- Bu, bizim faciəmizdir. Bu qədər Xalq, Əməkdar artist kimə lazımdır? Mən Xalq artisti adını 53 yaşımda aldım. 21 ilə yaxındır ki, Müdafiə Nazirliyində çalışıram. Fəxri adları işləyə-işləyə almışam. Bütün ömrümü dövlətə işləmişəm. Dövlət də bunu qiymətləndirib. Amma bu gün Xalq artisti fəxri adı ilə təltif olunanların işlədikləri yer yoxdur. Ad almaq üçün mənim idarəm Müdafiə Nazirliyinə bir təqdimat yazmalıdır. Müdafiə Nazirliyi də Prezident Aparatına təqdimat göndərməlidir. Görün bu neçə instansiya keçir. Amma toyda oxuyur, xalqdan pul qazanır, bir də baxırsan ki, gəldi oldu Xalq artisti. Mənlə onun arasında heç bir fərq olmadı. Bu adam pul qazanıb, heç bir yerdə işləməyib, dövlətə bir qəpik də olsa xeyir verməyib. Toy mahnılarının hesabına pul qazanır. İndi o, da Xalq artistidir, Rəşid Behbudov, Tofiq Quliyev, Habil Əliyev də. Habil Əliyev elə belə yerdə birinə deyib də "onlar verdi, bəs, sən utanmadın onu götürəndə". O qədər Xalq artisti nəyə lazımdır? Bundansa elə mənim adımı desinlər də - Zaur Rzayev, vəssalam. Titul lazım deyil, Vallah onların yanında məni çağıranda utanıram.

- Nəyə görə?

- Çünki böyrümdəki də Xalq artistidir, mən də. Oğlum yaşındadır, baxıram ona, utanıram. Nə edib o? Hansı bəstəkarın əsərini oxuyub? Hansı təhsili alıb? Şırğa taxıb, səhnədə atlanıb-düşüb, vəssalam. Görün, mən nə qədər təhsil almışam, "Sevgili canan"a kimi oxumuşam. Bu gün Xalq artistlərinin oxuduqları mahnıların nə atası var, nə də anası. Kimsə kimdən xahiş edib, gəlib olub Xalq artisti. Bu kimə lazımdır?

-Deyirsiniz ki, belələri ilə bir məclisə düşəndə utanırsınız. Bu hisləri keçirənlər az deyil. Hətta buna görə addan imtina etmək istəyənlər də var...

-Mən də bu addan canla-başla imtina edərəm. Amma bu bir nəfərdən başa gələn proses deyil, kütləvi olmalıdır.

-O zaman kimdən başlamaq lazımdır?

-Elə birinci məndən. Burada nə var axı? Biabırçılıqdır. Bu get-gedə çoxalır. Nəhayət, kiməsə dur deməyin vaxtıdır. Cəmiyyətdə bir şüar var - "o, getdi, mən qaldım", hamı bunu ardınca düşüb. Nə qədər pis bir vəziyyət. Bu yaxınlarda Süleyman Abdullayevə Əməkdar artist adı verdilər. 74 yaşında... Amma onun nəvəsi yaşında olan toyxana musiqiçilərinə Xalq artisti adı veriblər. Bir neçə gün olar ki, mən onu gördüm. Dedim ki, "Dədə Süleyman, sən bizim əmimizsən, gərək o addan imtina edərdin". Soruşdu ki, niyə? Dedim ki, bu sənət aləmində heç olmasa bir dənə ləkələnməmiş sənətkar qalmışdı. Onlardan da biri sən idin. Nəhayət ki, səni də ləkələdilər. 74 yaşında o adı neynəyirdin? Əsas odur ki, xalqın, sevgisini, məhəbbətini yaşayasan. Yəni, bir məclisdə 5 kişi onunla görüşsün, xalqın xeyrində-şərində öndə olsun.

-Ziyalıların, elm və mədəniyyət adamlarının əksəriyyəti bu addımı Zeynəb Xanlarovadan gözləyirdi?

- İmtina etməlidir. Zeynəb xanımın adı o qədər gözəldir ki, fəxri ad onun yanında yamaq kimi görsənir. Zeynəb xanım... Titul ona lazım deyil. Təbii ki, bu qərar ona aiddir. Amma reallığa baxın, Zeynəb Xanlarova da Xalq artistidir, üç kəlmə sözü danışa bilməyənlər də.

- Heş olmasa bu adamlar haçansa Sizinlə cəbhə bölgələrinə gedib? Ümumiyyətlə, bununla bağlı Sizə müraciət edən varmı?

- Mən özüm dəfələrlə onlara təklif etmişəm. Bəlkə cəbhə bölgəsində siz də oxuyasınız. Amma elə cavab almışam ki, suyum süzülüb. Deyiblər ki, "Bizə o konsertdən bir şey verəcəklər? Əgər verəcəklərsə biz də gedək?"

-Səngərdə, hərbi xidmətdə olan, bir sözlə, Azərbaycanı qoruyan əsgərlər üçün keçirilən konsertlərdən pul umurlar?

-Bəli. Bu günün gündəmdə olan sənətçiləri budur. Pul danışan sənəti əsgər qarşısında niyə oxusun ki. Mən 21 ilə yaxındır ki, orada - Müdafiə Nazirliyində işləyirəm. Məni ora çavuş kimi qəbul ediblər. Amma mənimlə ora qəbul olunanların çoxu polkovnikdir. Mən hələ çavuşam. Niyə? Bunu Müdafiə Nazirliyindən soruşmaq lazımdır? 1994-cü ildə nazir dedi ki, "tez Zaura kapitan rütbəsi verək". Nə isə qaldı. İndiyə kimi də qalmaqda davam edir. Mən orduya işləyirəm, vətənpərvərəm, təmiz azəri türküyəm. Amma bir qadın var, Allah canını sağ etsin. Bizim nazir ona Prezident təqaüdü verdirdi.

- Söhbət Zümrüd Məmmədovdan gedir?

- Hə, gözəl xanımdır, yaxşı da edib verirlər. Amma mənim kağızım keçmir.
Yeganə Xalq artistiyəm ki, Prezident təqaüdü almıram. Mən ölkənin birinci xanımı Mehriban Əliyevaya da müraciət etdim.

- Nə cavab aldınız?

- Bir həftədən sonra Mədəniyyət və Turizm Nazirliyindən çağırdılar. Dedilər ki, Sizin Mehriban xanım Əliyevaya ünvanladığınız məktub bizə gəlib. Siz Prezident təqaüdünü alacaqsınız. İki ildir ki, mən gözləyirəm. Heydər Əliyev Fondunda müsbət cavab alan məktub Mədəniyyət və Turizm Nazirliyində daşa dirənib. İndi bir də müraciət edim? Mehriban xanım Əliyeva mənim məktubuma müsbət cavab verir. Amma bunlar yox.

-Nazirlikdən nə deyirlər?

- Sırada o qədər adamlarımız var ki, bilmirik kimə verək...

Bahar Rüstəmli
AzNews.az