Almaniyada Dağlıq Qarabağ sənədi

8 Oktyabr 2012 18:40 (UTC+04:00)
Almaniyanın hakimiyyətdə olan Xristian Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı partiyalarının "Junge Union" gənclər təşkilatının Berlində keçirilən "Deutschlandtag" adlı illik konfrasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə xüsusi sənəd qəbul edilib.

Avropa Azərbaycan Cəmiyyətindən Trend-ə daxil olan məlumata görə, sənəddə deyilir ki, Sovet İttifaqının dağılmasından sonra müstəqillik əldə etmiş Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə olan iddiaları 1992-ci ildə müharibə ilə nəticələndi ki, bu da təxminən 25 min azərbaycanlının həyatına son qoydu, bir milyondan artıq insan isə qaçqın və məcburi köçkünə çevrildi. Müharibənin gedişində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayonunu işğal etdi. Azərbaycanın işğal edilmiş ərazisində birtərəfli şəkildə qondarma "Dağlıq Qarabağ respublikası"nın elan edilməsi beynəlxalq birlik və təşkilatlar tərəfindən indiyədək tanınmayıb. Bu səbəbdən Almaniya və Avropa İttifaqı da Dağlıq Qarabağda 2010-cu ildə keçirilmiş saxta "parlament seçkiləri"ni qeyri-qanuni hesab edərək qınadılar.

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik üzrə ali komissarı Ketrin Eşton həm bu seçkini, həm də 19 iyul 2012-ci ildə keçirilmiş sonuncu "prezident seçkiləri"ni münaqişənin sülh yolu ilə həlli üçün əngəl hesab edib.

Sənəddə daha sonra qeyd olunub ki, Ermənistanın işğalı hələ 1993-cü ildə BMT Nizamnaməsinin 2-ci madəsinə əsasən Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884-cü qətnamələrində pislənib və işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi tələb edilib. Bu mövqeyə 2008-ci ildə BMT-nin Baş Assambleyası da qoşulub, Azərbaycanın ərazi bütövlüyü tanınıb. Buna uyğun olaraq Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir.

2005-ci ildə Avropa Şurası buna müvafiq bir qətnamə qəbul edib. Avropa Parlamenti 2010-cu ildə erməni hərbi hissələrinin işğal olunmuş ərazilərdən geri çəkilmələrini tələb edib.

Cənubi Qafqazda davamlı siyasi sabitliyin olması istər Almaniya, istərsə də ümumavropanın maraq dairəsindədir. Təəssüf ki, ATƏT-in üzdəniraq "Minsk qrupu" çərçivəsindəki vasitəçilik indiyə kimi nəticəsiz qalıb. Buna görə də Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi barəsində beynəlxalq hüquqla qanuniləşdirilmiş tələblərinin yerinə yetirilməsinin vaxtı gəlib çatıb.

Qətnaməyə görə "Junge Union" təşkilatı qərar qəbul edib ki, təşkilat AFR hökumətindən tələb edir ki, o, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həll olunması üçün ATƏT, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində öz beynəlxalg səylərini gücləndirsin.

"Ermənistan hökuməti Dağlıq Qarabağın və Azərbaycanın digər ərazilərinin işğalına təcili olaraq son qoymalıdır. Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının ərazi bütövlüyü, onun sərhədlərinin toxunulmazlığı və sərhəd bölgəsində yaşayan əhalinin təhlükəsizliyi təxirə salınmadan və məhdudiyyət qoyulmadan təmin edilməlidir", - qərarda qeyd olunub.

Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov konfrasda çıxış edərək bildirib ki, Cəmiyyətinin əsas məqsədlərindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırma işi aparmaq və münaqişənin sülh yolu ilə ədalətli həllinə töhvə verməkdir.

Qeyd edək ki, "Junge Union" gənclər təşkilatı öz sıralarında 130 min nəfəri birləşdirir və Avropada gənclərin ən böyük siyasi qurumudur.

AzNews.az