“Allah da həmişə qalib gəlmir, hərdən büdrəyir” – Niyazi Mehdi

31 Mart 2015 15:35 (UTC+04:00)

Professor Niyazi Mehdinin AzNews.az-a müsahibəsi:

- Niyazi müəllim, bu həyatda hər zaman qalib olmaq mümkün deyil... Sizdə də belədir yəqin ki...

- Sözsüz. Heç qutsal kitablardakı Allah da həmişə qalib gəlmir, hərdən "büdrəyir". Allah Adəmi yaratdı ki, bilik meyvəsini yeməsin, həmişə Cənnətdə qalsın. Bu istək boşa çıxmadımı?! Çıxdı! İnsanları yaratdığına görə peşman olub Yer üzünü su ilə basması bəs nəydi? Peşmanlıq, yəni büdrəməyə görə peşmanlığın sonucu deyildi, nəydi?! Allah varlığın eniş-yoxuşunda bəzən uğursuzluğa uğrayırsa, biz nə karəyik ki?!

Bu sualın cavabında bir əlac qalır, gərək göstərəsən ki, Onun uğursuzluğu ilə bizim uğursuzluğumuz bir nəsnə deyil. Ancaq bunu göstərmək istəsən, gərək möhkəmcə baş sındırasan. Ortaçağda sxolastlar belə nəsnələr üstündə baş sındırardılar…

- Öz pəncərənizdən baxanda hansı mənzərə ilə qarşılaşırsınız?

- Deyirlər, həyat bir pəncərədir. Birinci dəfə eşidəndə bu deyim mənə yaman ləzzət vermişdi. İndi daha ləzzət vermir, çünki mənim (bəlkə sizin də) ən böyük problemimiz həyatı pəncərədən görünən dumanlı, ya günəşli mənzərəyə çevirə bilməməyimizdir. Biz ancaq başqalarının dərdinə, savaşına tamaşaçı ola bilirik. Özümüzə isə pəncərədən yox, paxıllığımızdan, iddialarımzdan baxa bilirik… Hərdən sevgidən, şəfqətdən də baxırıq. Ancaq bu sevgidə, şəfqətdə Günəş üzündəki kimi o qədər ləkələr olur ki...

- Özünüzlə söhbət edəndə ən çox nə barədə danışırsınız?


- Özümlə söhbət etmək istəyəndə mənə çox dayaz, mənasız bir adam baxır və söhbət ləzzət eləmir ki, çox çəksin. Bircə yazılar yazanda, içimdən yazıya ilginc düşüncələr axanda bilirəm ki, bu "Mən" istəyəndə dərin ola bilir. Deməli, mənim "Mən"im həmsöhbət kimi bekara adamdır, ideyaların, düşüncələrin subyekti kimi nəsə bekara deyil.

İnsanlardan da usanmamışam hələ ki. Çünki insanlar arasında çox olmuram ki, onlardan usanam. Heç mühazirələrim də hər gün olmur ki, qalabalıq içində olum.

- Xoşbəxt deyilsiniz?

- Olanda oluram. Ancaq xoşbəxtlikdə çox qala bilmirəm, çünki tez öyrəşirəm. 5-10 gün çəkən mutluluğum yadıma düşmür. Uşaqlığımda yuxudan duranda üzümə gələn gündüzlə bağlı mutlu gözləntilər yaşayırdım. Gündüzü sevinclə qarşılayırdım, indi təzyiqim olacaq-olmayacaqla qarşılayıram. Uşaqlığımla indimi belə ayırardım.

- Sevincinizə üzülən "dostlar"ınız çox olub?

- Belə "dostlara" rast gəlməyim yadıma düşmür. Ancaq, qoy, oxucu yozmasın ki,
gör nə yaxşı adamdır, düşməni yoxdur. Bəlkə mənə əhəmiyyət verməyiblər ona görə elə düşmənim yoxdur?!

- İt hürən tərəf, yoxsa işıq gələn?

İşıq gələn tərəf... Ancaq dəli şeytan deyir, "it hürən tərəfə" deyim ki, nəsə olağanüstü, əlahiddə görünüm. Di gəl belə ədabazlıq sizə lazımdırmı? Mənə yox.

- Riyaziyyatla aranız necədir? Bilirsiniz niyə soruşuram? Çünki deyirlər ki, musiqi insan hisslərinin riyaziyyatıdır. Riyaziyyat da insan təfəkkürünün müsiqisi.

- Kim belə deyib? Kim deyibsə, bəlkə gücənib "zaman" adlı aprior formadan Kantın riyaziyyatı çıxarmasından bunu çıxarıb? Zaman olmasa, riyazi düsturların zaman içində açılması, yəni birindən sonra o birinin gəlməsi olmaz. Zaman olmasa musiqi də uzanmağa uzantı ala bilməz. Amma yox. İnanmıram o sözləri deyən belə nəsnələrdən itələnsin.

- Təkamül nəzəriyyəsini zəncirə bənzədən Darvin sizcə zəncirin əvvəlini yaddan çıxartmamışdı ki?

- Zəncirin əvvəli deyəndə Allahı deyirsinizsə, yaddan çıxaran kimi olmuşdu. Ancaq indi hətta Roma Papası da deyir ki, Allah-təala yaradılış zəncirindən mexanizm kimi istifadə etmişdi.

- Həmin bu yaradılan dünyanı gözəllik xilas edəcək kimi deyim var. Sizcə bu gözəllik deyəndə şişirdilmiş boyalı dodaqlar, saralmış saçlar, gödəlmiş ətəklər nəzərdə tutulurdu, yoxsa necə?

- Dostoyevski bunu deyəndə ağlına gəlmirdi ki, gözəlliyin nisbiliyi var. Ortaçağda monqollar ağ irqlilərin gözlərini qoyun gözlərinə oxşadırdılar, qaralar yəqin ağ adamları meyit rəngində görürdü…

İndi bizim oğlanlar da, gülməsəydilər, saçlarını saraldardılar…hər halda belə istəyənlər az deyil. Ancaq mənim uşaqlığımda ağdamlıların sarı oğlandan zəhləsi gedirdi, rus gədəsini heç cürə yaraşıqlı saya bilmirdilər. Onlara "sarı murquz" ("murquz" meymundur-red) deyirdilər. Mənim özüm də sarı adama pis baxırdım. Ancaq indi heç cürə yadıma sala bilmirəm, sarı qıza necə, yaxşı baxırdılar? "Sarı gəlin"də blond qadını deyirdilərsə, yaxşı baxırmışlar…ancaq dəqiq bilmirəm.

- Gələcək necə gələcək?

- Cavabında tez-tez yanıldığımız sualdır. Çox vaxt dünən gəldiyi kimi gəlir. Bəzən fəlakət kimi gəlir, bəzənsə ərmağan kimi.


Afər