Türkiyənin tanınmış media nümayəndələri Bakıya gəlir

1 Aprel 2015 17:13 (UTC+04:00)
Aprelin 2-dən 5-dək Azərbaycan Mətbuat Şurasının dəvətilə Türkiyənin tanınmış kütləvi informasiya vasitələrinin təmsilçiləri ölkəmizdə səfərdə olacaqlar. Mətbuat Şurasından AzNews.az-a erilən məlumata görə, qardaş ölkənin "Sabah", "Posta", "Hürriyyət" qəzetlərinin, Fox, NTV, ATV, "Kanal A", "CNN türk" və digər telekanallarının, həmçinin Anadolu Agentliyinin məsul şəxslərindən ibarət nümayəndə heyətinə Türkiyə Qəzetəcilər Federasiyasının rəhbəri Mehmet Ali Dim başçılıq edəcək.

Səfərdən məqsəd Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə daha yaxından çatdırılması istiqamətindəki aparılan fəaliyyətə dəstək göstərməkdən, o cümlədən I Avropa Olimpiya Oyunları ilə bağlı həyata keçirilməkdə olan işlərin geniş şəkildə işıqlandırılmasını təmin etməkdən, hər iki ölkə mediası arasındakı əməkdaşlığı daha da dərinləşdirməkdən ibarətdir.

MŞ-nin beynəlxalq əlaqələr komissiyasının müəyyənləşdirdiyi səfər proqramına əsasən qonaqlar Azərbaycan Respublikası Prezidentinin Administarsiyasında, Azərbaycan Respublikasının Milli Məclisində, Heydər Əliyev Mərkəzində, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasında, I Avropa Oyunlarının Təşkilat Komitəsində, ADA Universitetində və Azərbaycan Mətbuat Şurasında görüşlər keçirəcək, həmçinin paytaxtdakı idman qurğuları ilə tanış olacaqlar.