“Terror Türkiyəni birləşdirəcək” - Müsahibə

2 Aprel 2015 19:00 (UTC+04:00)
Bütün Türkiyədə işıqların sönməsi, ardınca ölkənin ən önəmli hökumət binalarından olan Çağlayan Ədliyyə Sarayında prokurorun girov götürülməsi, onun xilas əməliyyatı zamanı həlak olması, AKP-nin Kartal şöbəsinin ofisinə silahlı basqın, ardınca İstanbul Əmniyyət Müdirliyinin binasının atəşə tutulması terror qruplarının ölkənin sabitliyinə qarşı geniş planlar həyata keçirmək istəklərindən xəbər verir. Aprelin 2-nə keçən gecə Türkiyənin təhlükəsizlik qüvvələri ölkə üzrə antiterror əməliyyatlarına başlayıb.

PKK başda olmaqla digər terror qruplaşmalarına aid olduğu ehtimal edilən yüzlərlə insan saxlanılıb. Ankara, İstanbul kimi iri şəhərlərlə yanaşı ölkənin strateji obyektləri yerləşən bir çox bölgəyə nəzarət gücləndirilirb. Hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçib, dövlət və hökumət binalarının mühafizəsi gücləndirilib, terror ehtimalı olan bütün ərazilər nəzarətə götürülüb. Hökumət bu tədbirləri xüsusi panika yaratmadan keçirməyə çalışsa da insanlar tədirgindir. Terror son illər ölkə həyatını ciddi şəkildə etkilədiyi üçün vətəndaşlar təhlükəsizlikləri ilə bağlı ciddi narahatlıq keçirirlər.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə müsahibədə Türkiyədəki iç durumu, terrorun siyasi həyata gətirə biləcək dəyişiklikləri aydınlaşdırmağa çalışdıq.


- Elxan bəy, son terror olaylarının Türkiyə siyasətinə hansı şəkildə təsir edəcəyini düşünürsünüz?

- Türkiyədə son terror aksiyasını planlayanlar və törədənlər əgər parlament seçkisi öncəsində bununla Ərdoğan hakimiyyətini zəiflətmək istəyirdilərsə, əks nəticə ilə üzləşəcəklər. Prokuroru öldürən terrorçular "Gəzi Parkı" olaylarına da kölgə saldılar. "Gəzi Parkı" olayları zamanı Türkiyə və beynəlxalq ictimaiyyətin simpatiyası ağacların kəsilməsinə etiraz edənlərin tərəfində idi. Həmin fəalları Türkiyənin müxalifət partiyaları da dəstəkləyirdi. Ancaq sonuncu terror aksiyası bu dəstəyi heçə endirdi. Çünki terrorçuların "Gəzi Parkı" olaylarına sahib çıxmaq cəhdi və günahsız insanı qətlə yetirməsi hakimiyyətdən narazı elektoratın da etirazına səbəb oldu. Heç şübhəsiz, Türkiyənin müxalifət partiyaları da prokurorun qətlini qınayır. Bütün bunlar məncə, prezident Rəcəb Tayyib Ərdoğanın reytinqini seçki ərəfəsində bir az daha artıracaq. Çünki, Tayyib Ərdoğan bu terror aksiyasına qədər də "Gəzi Parkı" olaylarının təxribat xarakteri daşıdığını, bunun arxasında xarici qüvvələrin olduğunu deyirdi. Son hadisədən sonra Ərdoğanın arqumenti gücləndi, faktiki olaraq onun dedikləri təsdiqini tapdı.

- AKP iqtidarı bir tərəfdən də "paralelçilər"lə ciddi mübarizə aparır. Ölkədən gələn xəbərlərdən aydın olur ki, bu cameəyə aid olan şəxslər tam nəzarətə götürülür, onların imkanları, səlahiyyətləri məhdudlaşdırılır. Görünən odur ki, Gülən camaatı AKP-yə güc gələcək səviyyədə deyil. Sizcə, ölkədəki son olayların, o sıradan terrorun tətikçiləri sırasında "paralelçilər" ola bilərmi?

- Fətullah Gülən hərəkatının son hadisədə əli olduğuna inanmıram. Gülən hiyləgər adamdır, o, Ərdoğanı bu yolla zəiflətməyi planlaşdırmazdı. Əksinə, Gülən də başa düşür ki, bu kimi olaylar ictimaiyyəti hakimiyyətin ətrafında birləşdirir. Bu variant isə heç bir halda Fətullah Gülənin maraqlarına cavab vermir. Gülənin indi ən böyük hədəfi iyun ayına qədər Ədalət və İnkişaf Partiyasının zəiflədilməsidir. "Paralelçilər" bunun yollarını arayır. Bunun üçün tərəfdarlarını parlament seçkilərinə daha aktiv şəkildə cəlb etməyə çalışır. Hətta baş nazirin müavini Bülənt Arıncla Ankara bələdiyyəsinin başçısı Melih Gökçək arasında yaşanan hakimiyyət daxili qovğada da Fətullah Gülənin birbaşa maraqları olduğu bildirilir. Bülənt Arınc hakim partiya içərisində Fətullah Gülənə ən loyal olan şəxsdir.

Bunu Türkiyədə hakimiyyət də, xalq da bilir. Onun bəzi davranışları, açıqlamaları isə hətta Gülənə simpatiyası olması təəssüratını yaradır. Yadınıza gəlirsə, Gülən hərəkatının təşkil etdiyi Türk dili olimpiadalarına qatılan Bülənt Arınc Güləni uzun-uzadı tərifləyərdi. AKP-nin ən nüfuzlu şəxslərindən olan Bülənt Arınc Ərdoğanın Gülənə qarşı savaşa başlamasını daxilən qəbul etməyib və etmir. Ancaq buna baxmayaraq o, açıq şəkildə prezident Ərdoğana "sən Gülənə qarşı savaş açmaqla düz etmirsən" də demir. Sözsüz, "paralelçilər" Arınc kartından hər zaman faydalanmaq istəyir, onunla prezidentin münasibətlərini korlamaq üçün bütün imkanlarını səfərbər edib.

Bülənt Arıncın hakim partiyadan ayrılıb Gülən hərəkatına rəsmən qoşularaq onun tərəfdarlarının siyasi qurumuna rəhbərlik etməsi "camaat" üçün ən ideal variant olardı. Ancaq Arıncın belə bir riskli addım atacağını düşünmürəm. Bəli, Arınc hakim partiyanın əksər funksionerlərindən fərqli olaraq sözünü deyən adamdır, hətta gərəkəndə prezidenti də tənqid edir. Ancaq bu o demək deyil ki, Arınc Gülənə görə Ərdoğanla yollarını ayıracaq.

- Adətən Türkiyədə başlayan proseslər, Azərbaycana da ciddi şəkildə təsir göstərir. Həm "camaatın", həm də PKK-nın Azərbaycanda uzantıları olması haqqında xəbərlər var. Sizcə, AKP iqtidarının son günlər başlatdığı antiterror əməliyyatları Azərbaycana gəlib çata bilərmi?

- Ərdoğan-Gülən savaşının təsirləri Azərbaycandan da yan keçməyib və bu təsirlər indi də hiss olunur. Məsələn, Gülənə bağlı "Zaman" qəzetində hansısa köşə yazarının "erməni soyqrımını tanımalıyıq" yazması Azərbaycanda xoş qarşılana bilməz. Mən inanmıram ki, Fətullah Gülən "erməni soyqrımının" tanınması kimi riskli bir oyuna baş vursun. Bu onun Türkiyədəki və Azərbaycandakı dayaqlarını birdəfəlik məhv edər. Fətullah Gülənin başlıca məqsədi seçkiqabağı dövrdə Ərdoğanın mövqelərini zəiflətməyə çalışmaq, prezidentə qarşı qara "piar" kampaniyası aparmaqdır. Ərdoğana qarşı kampaniya və Türkiyə Cumhurbaşqanının zəiflədilməsi planları da rəsmi Bakının xoşuna gəlmir.

Odur ki, Ərdoğan yaxın müddətdə Azərbaycan hakimiyyətindən Gülən hərəkatına qarşı daha qətiyyətli addımların atılmasını xahiş edə bilər. Çünki, Azərbaycan hakimiyyətində Gülənə bağlı bir-iki nəfərin istefaya göndərilməsi ilə iş bitmir. Hərəkatın Azərbaycandakı dayaqları hələ də möhkəmdir, ortada böyük hədəflər və pullar var. Ümumiyyətlə düşünürəm ki, Türkiyədə aparılan antiterror əməliyyatlarının Azərbaycanla hər hansı əlaqəsi varsa, bu məsələdə hər iki ölkə liderləri anlaşa biləcək.

(musavat.com)