Politoloq: “Bu, Rusiyanın maraqlarına xidmət edir”

9 Oktyabr 2012 07:00 (UTC+04:00)


Ermənistan prezidenti Serj Sarkisyan Macarıstanın ATV kanalına müsahibə verib. Erməni prezident deyib ki, biz Azərbaycanın siyasətində Qarabağ probleminin sülh yolu ilə həll variantını görmürük: "Ermənistan da sülh yolu ilə problemin həll edilməsi üçün o qədər də böyük səy göstərməyəcək. Biz indiki halda sülh istəmirik".

Məsələyə münasibət bildirən azərbaycanlı ekspertlər onun bu çıxışını hakimiyyət maraqları ilə əlaqələndirirlər. Politoloq Ərəstun Oruclu AzNews.az-a açıqlamasında deyib ki, əvvəllər bu kimi materiallar Rusiya mətbuatında dərc edilirdi. O bildirib ki, Azərbaycanın əvvəllər verdiyi müharibə bəyanatları olmadığından Rusiya Ermənistandan bu missiyanı yerinə yetirməyi tələb edir: "Ermənistan prezidenti də Rusiyanın göstərişlərinə uyğun hərəkət edir. İndiki zamanda regionda savaş bir dövlətə lazımdır, o da Rusiyadır. Rusiya Cənubi Qafqaza girməyə çalışır ki, qlobal proseslərə təsir etsin. Əlində olan vasitə də Qarabağ münaqişəsidir. Unutmayaq ki, Rusiya Ermənistanın hərbi müttəfiqidir. Hesab edirəm ki, bu münaqişədə Azərbaycan dünya birliyindən kömək istəməlidir. Baş verənlərlə bağlı daim beynəlxalq dairələri xəbərdar etməlidir.

Ə.Oruclu vurğulayıb ki, Sərkisyanın bu çıxışı həm də onun hakimiyyət maraqlarına xidmət edir.

Politoloq Zərdüşt Əlizadə isə Serj Sərkisyanın çıxışı barədə bunları deyib: "Onun bu çıxışı camaatı aldatmaqdan başqa bir şey deyil. Vəziyyəti gərginləşdirirlər, sonra da geri çəkilirlər. Bu münaqişənin beynəlxalq miqyasda böyük oyunçuları var. Qərb bəzi dairələri də Ermənistanı dəstəkləyir. Sərkisyan hakimiyyəti əldə saxlamaq üçün bu cür alovlu çıxışlar edir".

İlkin Pirəli
AzNews.az