5-10 manatlıq qurbanlar – ARAŞDIRMA

9 Oktyabr 2012 07:32 (UTC+04:00)


İctimai nəqliyyatda, avtobus dayanacaqlarında və insanların sıx hərəkət etdikləri yerlərdə bir sıra iş elanları ilə qarşılaşırıq. Bu kimi iş elanları yüksək əmək haqqı vəd edir, ancaq bunun qarşılığında, demək olar ki, heç bir şey tələb edilmir. Belə elanları reklam edən kağızlar müəyyən şəxslər tərəfindən də paylanılır. Bir çox hallarda etinasız şəkildə tullanan bu kağızlar bəzən də insanların diqqətini cəlb edir. Xüsusilə də işsiz gənclər üçün bu kağız parçası bir ümid yeri olur. Ancaq bu kimi iş elanlarının nə dərəcədə ciddi və doğru olmasının yoxlanmaması insan alverinə, fahişəliyə və digər cinayət hadisələrinə gətirib çıxarır.

Vətəndaşların sözlərinə görə, iş elanlarındakı əlaqə nömrələrinə zəng vurduqda iş haqqında heç bir məlumat verilmədən ofisə dəvət olunurlar. Bu isə pul tələsidir. Belə ki, müraciət edən şəxslərdən çatar-çatmaz müəyyən məbləğdə pul tələb olunur. Bununla da işbazların görəcəyi iş başa çata çatır.

5-10 manatın bəlası

Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov bunun dələduzluq olduğunu bildirdi. Onun sözlərinə görə, burada məqsəd vətəndaşları aldadıb nisbətən kiçik məbləğdə pul əldə etməkdir: "Belə ki, iş elanı üçün müraciət edənlərdən 5-10 manat dəyərində pul yığırlar. Şirnikləndirici işlər vəd edirlər. Ancaq sonra bunu etmirlər. Vətəndaşlar da dəfələrlə zəng vururlar, maraqlanırlar, axırda insanlar özləri də bezirlər. Buna görə də, heç bir şikayət də etmirlər ki, 5-10 manatdan ötrü özümüzü işə salmayaq, başımızı ağrıtmayaq. Heç kim o puldan ötrü məhkəmə qapılarında sürünmək istəmir". Hüquqşünasın sözlərinə görə, artıq həmin dələduzlar da arxayın olurlar ki, kiçik məbləğdə puldan ötrü heç kim şikayət edən deyil: "Elə həmin 5-10 manat da toplanıb fırıldaqçılar üçün böyük məbləğə çevrilir. Bu məsələnin birinci tərəfidir, nisbətən təhlükəsiz və yalnız dələduzluq məqsədilə atılan addımdır".

Sahib Məmmədov məsələnin daha ciddi problemlərə yol açmasından da danışdı: " İkinci tərəf daha dəhşətlidir. Belə ki, iş adıyla insan alveri, əxlaqsızlığa cəlbetmə halları ilə də qarşılaşırıq. Bu mənada insanlar əsasən xarici ölkələrə işədüzəltmə məsələlərində ehtiyatlı olamlıdılar. Əks halda məcburi əməyin və insan alverinin qurbanına çevrilirlər".

"Məqsəd insanları havayı işlətməkdir"

Hüquqşünas Kamran Məmmədov isə bildirir ki, vətəndaşlar əsasən yeni yaranmış şirkətlər tərəfindən aldadılır və əməyi istismar olunur: "Əsasən xarici kompaniyalar vardır ki, onların məqsədi vətəndaşları havayı işlətməkdir, hər hansı bir iş ortaya çıxarmaq yox. Onların fəaliyyəti budan ibarətdir-hər hansı bir məhsulun satışı ilə məşğul olurlar, işə götürdükləri şəxslərlə də satdıqları malın qədərinə görə faiz, yəni maaş vermək üzrə razılaşırlar. Əsasən qadınların məşğul olduğu kosmetik məhsulların satışını misal göstərmək olar. Lakin bunu çox səviyyəsiz bir formada həyata keçirirlər. Bu vaxt yalnız əldə satışla məşğul olurlar. Burada hər hansı ofisdaxili bir işdən söhbət getmir".

Tələbsiz çağırışlar

Həmsöhbətimizin sözlərinə görə, belə iş elanları zamanı nə diplom, nə hər hansı bir ixtisas tələb olunur. İş saatı sərbəst olduğu və yüksək maaş təklif olunduğu bildirilir: "Artıq burada müəyyən şübhələr yaranmağa başlayır. Bu kimi işlərin təxminən 70%-i, demək olar ki, saxtadır. Hamısı yüksək maaş vəd edərək insanları aldadırlar. Heç bir şey tələb olunmayıb, yüksək maaş təklif olunursa, artıq onun saxta olduğunu müəyyən etmək olar. Ən azından, hər hansı bir əcnəbi dili, kompüteri bilmək kimi tələblər irəli sürülə bilər. Məhz bu zaman artıq normal iş hesab etmək olar. Hazırkı elanlarda isə tələb yoxdur, yalnız çağırış var. Sanki şou-proqrama pulsuz bilet paylayırlar".

Bəs buna qarşı nə kimi mübarizə üsulları tətbiq olunur?

Hüquqşünas bildirir ki, əsasən metrolarda, avtobuslarda mənşəyi məlum olmayan iş reklamları var. Bunların da firma, qurum, dövlət təşkilatı yaxud qeyri-hökumət təşkilatı olduğu və kim tərəfindən təklif olunduğu belə bilinmir: "İşə götürülən şəxslərə yüksək maaşlı iş, iş daxilində isə xaricə getmək təklif olunur. Lakin bu kimi iş yerlərinə qarşı Azərbaycanda xaricdə təklif olunan həmin iş yerlərini araşdıran qurum var və bu qurum iş elanlarına əsasən xaricə gedənlərə kömək məqsədilə yaradılıb. Onların da xüsusi elanları var ki, cəmiyyət arasında təbliğ olunur. Belə iş təklifləri zamanı onlara müraciət olunmalıdır ki, həmin mərkəz də lazımi köməyi göstərsin və sonra problemlər yaranmasın. Burada məqsəd insan alverinin, orqan mafiyasının qarşısını almaqdır".

Bu kimi iş elanları insan alverinə səbəb olur…

K. Məmmədov hesab edir ki, iş elanlarının səbəb olduğu qadın alverindən də danışdı: "Qadın alveri iki cür baş verə bilər. Birinci, şəxsin öz istəyi ilə, könüllü olaraq. İkinci halda isə, şəxsin iradəsindən asılı olmayaraq, aldanaraq. Belə ki, işçi kimi götürülən şəxsin sənədləri alınır və ona vəd edirlər ki, rəhbər şəxs onları hansısa bir ölkədə gözləyir. Guya biletləri də işçi heç bir pul ödəmədən, onlar özləri alırlar. Sonra həmin ölkəyə çatanda həmin şəxsləri əllərində heç bir sənədi olmadan lazımi mıəntəqəyə aparırlar, bununla da onların taleyinə bir qara xətt çəkilir. Artıq onların quluna çevrilirsən sanki. Çünki xarici ölkədə pasportsuz, elə bil ki, yaşayan ölüsən. Nə həmin xalqın dilini bilirlər, nə polis idarəsinin yerini, nə də başqa kimə nə cür müraciəti edəcəyini. O ölkədə sənin səfirliyin yoxdursa, vəziyyət daha da çətin olur. Bu kimi hadisələrə əsasən Rusiyada, Dubayda, son vaxtlarda isə Çində rast gəlinir".

Bəs bu zaman nə etməli?

Hüquqşünas qeyd edir ki, hər hansı bir qanun pozuntusu ilə qarşılaşanda vətəndaş, ilk növbədə, polisə müraciət etməlidir: "Hər hansı bir şəxsin hərəkətində cinayət tərkibi vardırsa, bu işlə birbaşa polis və prokurorluq orqanları məşğul olur. Əgər bu işdə hər hansı cinayət tərkibi yoxdursa, mülki xarakter daşıyırsa, polis cinayət işinin rədd olması haqqında qərar qəbul edir. Qərar vətəndaşın yaşadığı ünvana bildirilir".

Kamran Məmmədov bildirir ki, bu kimi məsələlərə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi bu kimi halların qarşısını almaq üçün araşdırmalar aparır: "Bu işlə məşğul olan və şəxsi aldadaraq xarici ölkəyə aparan Azərbaycan respublikasının vətəndaşıdırsa, onun işinə burada baxılır, lazımi şəkildə nəticələnir. Azərbaycanlı deyilsə, həmin iş beynəlxalq səviyyədə həll olunur".

Sevinc Fədai
AzNews.az