Gülər Əhmədova ictimaiyyətə müraciət etdi

9 Oktyabr 2012 09:22 (UTC+04:00)
Sabiq millət vəkili Gülər Əhmədova KİV və ictimaiyyət nümayəndələrinə müraciət ünvanlayıb. Müraciəti olduğu kimi təqdim edirik:

Hörmətli KİV və ictimaiyyət nümayəndələri!

Son günlər bir sıra mətbuat orqanlarında (ilk olaraq "Yeni Müsavat" qəzetində və ona istinadən digər mətbuat orqanlarında) mənim deputat mandatımdan könüllü imtina etməyimdən sonra həqiqətə uyğun olmayan informasiyalar dərc edilməkdədir. Bütün yazılanlara aydınlıq gətirmək məqsədilə mən, Gülər Mikayıl qızı Əhmədova bildirirəm ki, heç vaxt "Məndə də videolar var, yaya bilərəm" məzmunlu açıqlama verməmişəm. Mənə israrla zəng edən jurnalist xanıma bildirmişəm ki, bir vaxtlar bəzi qəzet baş redaktorları, habelə jurnalistləri barədə də videolar yayılanda "Mərkəz" qəzeti və saytı olaraq, həmin videoları dərc etməmişik. Həmin videoları yaya bilərdik, amma bunu etməmişik. Jurnalist xanım mənim bu açıqlamamı kontektsdən çıxardaraq, bilərəkdən və ya bilməyərəkdən təhrif etmiş və ictimaiyyətə yanlış formada təqdim etmişdir. Daha sonra digər resurslar bu yanlış informasiya üzərində təməli səhv analizlər aparmağa başlamışlar. Mən barəmdə yazılan həmin açıqlamanı qəti şəkildə təkzib edirəm.
Etiraz etdiyim digər məsələ isə mənsub olduğum Yeni Azərbaycan Partiyasının rəhbər şəxsi ilə mənim aramdakı münasibətləri qəsdən pozmaq cəhdidir. Belə ki, mən özümə məxsus Facebook sosial şəbəkəsindəki səhifəmdə zarafatyana və sırf dostlarımla müzakirə aparmaq məqsədilə bir şeir paylaşmışdım. Bu, sadəcə bir şeir idi və heç bir şəxsə və ya şəxslərə, habelə quruma və ya təşkilata ünvanlanmayıb. Çox təəssüf edirəm ki, yenə də yuxarıda adını çəkdiyim həmin qəzet mənim Facebook sosial şəbəkəsində paylaşdıqlarımı yanlış istiqamətə yozaraq ictimaiyyətdə barəmdə qərəzli münasibət formalaşdırmağa çalışmışdır. Bir daha bütün KİV və ictimaiyyət nümayəndələrini əmin edirəm ki, Facebook sosial şəbəkəsində paylaşdığım fikirlər bir vətəndaş kimi dostlarımla müzakirə aparmaq məqsədi daşıyır və heç bir alt məna kəsb etmir.
Mən mənsub olduğum Yeni Azərbaycan Partiyasına və onun nizamnamə və məramnaməsinə sadiqəm və həmişə də sadiq qalacam. İstintaq getdiyindən heç bir açıqlama verməmək qərarına gəlmişəm və hər hansı açıqlamanın istintaqın gedişinə təsir edəcəyini düşünürəm. Odur ki, bütün jurnalistlərdən, KİV nümayəndələrindən xahiş edirəm ki, məndən hər hansı açıqlama almaq istəklərini istintaqın bitməsinə qədər saxlasınlar və barəmdə yazılan şayiələri xəbərə çevirib ictimaiyyətin və istintaqın fikrini yanlış istiqamətə yönəltməsinlər.

Anlayışınız üçün təşəkkür edirəm.

AzNews.az